...

Respublika Hərbi Prokurorluğunda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 11 Oktyabr 2011 12:56 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Respublika Hərbi Prokurorluğunda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Hərbi Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mərasimdən əvvəl Hərbi Prokurorluğun kollektivi Prokurorluğun binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə açan Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlət müstəqilliyinin əldə edilməsini Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirmiş və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət və ictimai-siyasi hadisə olduğunu qeyd etmişdir.

Bildirmişdir ki, 1993-cü ildə müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiyliyin məhv olması təhlükəsi aradan qalxmış, ümummili liderimizin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü, gərgin və ardıcıl işlər görülmüşdür.

O bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınmış, iqtisadiyyat ağır böhran şəraitindən çıxarılaraq inkişaf yoluna qədəm qoymuş, nizami ordu quruculuğunda, eləcə də respublikanın həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilmişdir.

Ölkəmizin müstəqil, demokratik, hüquqi, dünyəvi, qanunun aliliyinə və vətəndaş cəmiyyətinə əsaslanan dövlətə çevrilməsi məqsədi ilə milli dövlət quruculuğu prosesinin həyata keçirilməsi üçün zəruri işlər görülmüş, ölkə həyatının bütün sahələrini əhata edən köklü islahatlara başlanılmışdır.

Hərbi prokuror demişdir ki, Azərbaycanın insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas konvensiyalara qoşulmuş, 1998-ci ildə ölkəmizdə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, demokratik məhkəmə sistemi formalaşdırılmış, bütün hüquq-mühafizə orqanlarında mütərəqqi islahatlar aparılmış, onların fəaliyyəti demokratik dəyərlərə uyğun qurulmuşdur.

Hərbi prokuror vurğulamışdır ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində prokurorluğun səmərəli fəaliyyəti üçün qanunvericilik və normativ hüququ baza yaradılmışdır.

Prokurorluğun strukturunun təkmilləşdirilməsi, fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi, vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, kadr korpusunun formalaşdırılmasında beynəlxalq standartlara uyğun yeni prosedurlardan istifadə edilməsi, işə qəbulun müsabiqə yolu ilə və şəffaflıq əsasında həyata keçirilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili, istintaq işinin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin dairəsinin genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələri prokurorluqları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, işdə mövcud olmuş neqativ təzahür və çatışmazlıqların aradan qaldırılması təmin edilmiş, prokurorluq orqanlarının ittiham mövqeyində dayanan təsisatdan əsas məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsi olan orqana çevrilmişdir.

Hərbi prokuror Vəliyev qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətini bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir.

Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə sanballı nəaliyyətlər əldə etmişdir. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf sürətinə görə dünyada yüksək yerlərdə durur. Təsadüfi deyildir ki, dünyada maliyyə böhranı tüğyan etdiyi bir vaxtda Azərbaycanda iqtisadi artımın səviyyəsi 9,3 faiz olmuşdur. Əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən proqramların icrası, eləcə də Azərbaycan Prezidentinin sosial təminatların, əmək haqlarının və müavinətlərinin artırılması ilə bağlı imzaladığı sərəncamlar məhz bu iqtisadi inkişafın təzahürüdür.

Xanlar Vəliyev müstəqillik illərində prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Bildirmişdir ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişfı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki fəaliyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaradılmışdır.

Mərasimdə Bakı hərbi prokurorluğunun böyük müstəntiqi İsmayıl Əliyev çıxış edərək dövlət müstəqilliyi illərində prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi sahəsində görülmüş işlərdən, gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasimə yekun vurmuşdur.

Xəbər lenti

Xəbər lenti