...

Misirin aparıcı qəzetində Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı məqalə dərc edilib

Siyasət Materials 19 Oktyabr 2011 20:01 (UTC +04:00)
Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar olaraq "The Daily News Egypt" qəzetində səfir Şahin Abdullayevin "Azərbaycanın müstəqilliyi: nailiyyətlər və perspektivlər" mövzusunda məqaləsi dərc edilib.
Misirin aparıcı qəzetində Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar olaraq "International Herald Tribune" qəzetinin regional qolu olan "The Daily News Egypt" qəzetində səfir Şahin Abdullayevin "Azərbaycanın müstəqilliyi: nailiyyətlər və perspektivlər" mövzusunda məqaləsi dərc edilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.

Oktyabr 18-də "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edildiyini bildirən Abdullayev şərqin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini, beynəlxalq aləmə inteqrasiya edərək, Azərbaycanın qısa müddət ərzində BMT-yə və ATƏM-ə (hazırda ATƏT) üzv qəbul edildiyini diqqətə çəkən səfir Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə də əlaqələrini bərpa etdiyini və qarşılıqlı faydalı münasibətlər qurduğunu qeyd edib.

Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi barəsində məlumat verib və xarici və daxili təhlükələrin fonunda yenicə əldə edilmiş milli müstəqilliyin təhlükə altına düşmüş olduğunu nəzərə çatdırıb. Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışarkən səfir Azərbaycanın işğal olunmuş ərazilərində zəngin İslam maddi-mədəniyyət abidlərinin və məscidlərin viran olunduğu barədə oxuculara məlumat verib.

Belə bir çətin və keşməkeşli zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün Azərbaycan xalqının israrla Heydər Əliyevə müraciət etdiyi və məhz onun uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Abdullayev ümummilli liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətinin nəticələri olaraq, mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, Ermənistanın atəşkəs imzalamağa vadar edildiyi, demokratikləşmə prosesinin başlandığı, "Əsrin müqaviləsi"nin imzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırıb. Səfir demokratikləşmə sahəsində görülən işlərin bariz nəticəsi kimi Azərbaycanın Avropa Şurasına qəbul edildiyini qeyd edib.

Abdullayev Azərbaycanın neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını, mədən sənayesində şəffaflıq təşəbbüsünü fəal şəkildə dəstəkləyən dövlətlərdən olduğunu qeyd edib və gənclər siyasəti, elm-təhsil və "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər barəsində məlumat verib.

Neft və qaz sektoru ilə bərabər, ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı və sənayeləşmə istiqamətində görülən məqsədyönlü tədbirlərə toxunan Abdullayev 2003-cü il ilə müqayisədə 2009-cu ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 9 faizə qədər azaldığını, müstəqilliyinin ilk illərində 500 milyon dollar civarında olan xarici valyuta ehtiyatlarının bu gün 38 milyard ABŞ dollarından artıq olduğunu, son beş ildə iqtisadiyyatın 3, büdcə xərclərinin isə 20 milyard dollara qədər artdığını vurğulayıb və müstəqillik illərində Azərbaycanın 100 milyard ABŞ dollarından artıq investisiya cəlb etdiyini nəzərə çatdırıb.

Məqalədə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, informasiya və kompüter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrilməsi haqqında ətraflı məlumat verən səfir müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğunu qeyd edib və BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizəd olan Azərbaycanın seçildiyi təqdirdə, humanitar yardım siyasətini daha fəal şəkildə davam etdirəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti