Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) növbəti beş il ərzində Azərbaycanın “yaşıl keçid"ini dəstəkləməyə davam edəcək.
Trend xəbər verir ki, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru Suniya Durrani-Camal videomüraciətində bildirib.
“Geridə qoymaqda olduğumuz ilin yekunlarını xülasə edərək, 2025-ci ildəki nailiyyətləri qeyd edirik. AİB-in Azərbaycandakı komandası iyul ayında AİB-in Direktorlar Şurası tərəfindən təsdiqlənmiş Azərbaycanla tərəfdaşlıq strategiyamızın əsasını təşkil edən prioritetlərin müəyyənləşdirilməsi məqsədilə nazirliklər, agentliklər və özəl sektorla sıx əməkdaşlıq edib. Bu strategiya ölkənin öz məqsədlərinə çatmasına necə dəstək verdiyimizi, eləcə də təkcə milli deyil, regional səviyyədə inkişafı necə təşviq etdiyimizi müəyyənləşdirir.
Növbəti beş il ərzində AİB Azərbaycanın “yaşıl keçid"inə dəstəyini davam etdirəcək. Biz əlavə dəyərin yaradılmasının sürətləndirilməsi və iqtisadiyyatın dayanıqlığının artırılması yollarını axtaracağıq. Potensialın inkişafı və məşğulluğa dəstək də prioritetlərimiz sırasında qalır. AİB rəhbərliyinin, o cümlədən vitse-prezidentlər İnmin Yanqın, Skott Morrisin, Barqav Dasquptanın və baş direktor Lii Qutyerresin səfərləri bizim işimizə böyük töhfə verib”, – deyə o qeyd edib.
Suniya Durrani-Camal vurğulayıb ki, noyabr ayında AİB prezidenti Masato Kandanın Bakıya səfəri bankın Azərbaycanın “sülh dividendindən” faydalanmağa hazırlaşdığı bu mühüm mərhələdə ölkəyə sadiqliyini təsdiqləyib.
“İstənilən irəliləyiş tərəfdaşlarımızla əməkdaşlıq sayəsində mümkündür və bu il böyük səylə çalışan hökumət, özəl sektor üzrə həmkarlarımıza və dünyanın müxtəlif ölkələrindən olan AİB mütəxəssislərinə minnətdarlığımızı bildiririk. Azərbaycan AİB-ə böyük etimad göstərib və biz daha keyfiyyətli xidmətlər təqdim etmək yollarını tapmaqla bu etimadı doğrultmaq niyyətindəyik. Biz dəmir yolları, Bakı metropoliteni və su təchizatı infrastrukturu üzrə iri investisiyaların icrasına, eyni zamanda kiçik və orta biznesə dəstəyin genişləndirilməsinə hazırlaşırıq və paralel olaraq “yaşıl” və inklüziv Azərbaycan üçün yeni imkanları daim qiymətləndiririk”, – deyə o, sözlərini yekunlaşdırıb.
