Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə danışıqlar aparması barədə göstəriş verib.
Trend-in məlumatına görə, bununla əlaqədar İran prezidenti “X” sosial platformasındakı hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, danışıqlar yolu ilə etirazçıların haqlı tələbləri dinlənəcək və hökumət var-gücü ilə problemlərin aradan qaldırılmasına və məsuliyyətli şəkildə cavabdeh olmağa çalışacaq.
İran prezidenti qeyd edib ki, vətəndaşların məişət qayğıları hökumətin günlük məsələsidir. Ölkədə pul və bank sistemində islahatların aparılması və vətəndaşların alıcılıq qabiliyyətinin qorunması məqsədilə əsaslı addımların atılması gündəmdədir.
Qeyd edək ki, ötən gün İranda bazar ticarətçiləri İran valyutasının (İran rialı) xarici valyutalar qarşısında hər gün dəyərini itirməsi görə etiraz aksiyaları keçiriblər.
İranda son günlərdə xarici valyutalar qarşısında İran rialı dəyərini itirməkdə davam edib. Ötən gün (29 dekabr) 1 ABŞ dolları Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 755 min rial təşkil etsə də, qara bazarda 1,4 milyon riala alqı-satqı olunur.
