Bakı. Trend:
Yunanıstanın Samos adasının sularında qanunsuz miqrantları daşıyan qayıq batıb. Qayığın batmasından sonra Petalides sahilinə 26 miqrant üzərək xilas olub. Onlar yerli xilasediciləri insidentlə bağlı məlumatlandırdıqdan sonra dənizdə digər miqrantların axtarışına başlanılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hazırda 1 nəfər öldüyü təsdiqlənib, 3 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə tədbirlərinə sahil mühafizə xidmətinin katerləri, helikopterlər, bir şəxsi qayıq və quruda xilasedicilər cəlb olunub.
Miqrantların hansı ölkənin vətəndaşları olduğu açıqlanmır.
Qeyd edək ki, 2015-ci ildən bəri Yunanıstan qanunsuz miqrantların Aİ-yə daxil olduğu əsas giriş ölkəsinə çevrilib. 10 il ərzində 1 milyondan çox qanunsuz miqrantın ölkəyə ayaq basdığı bildirilir. Avropada iş və yaxşı həyat gözləntisi ilə yola çıxan yüzlərlə insan təhlükəli dəniz səyahətində həlak olub.
