Bakı. Trend:
Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə əmlak vergisi güzəştinin həcmi azaldılacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə Vergi Məcəlləsinə uyğun olaraq hesablanmış amortizasiyanın məbləği (vergi ödəyicisinin öz vəsaiti hesabına apardığı və əsas vəsaitlərin dəyərinə aid edilmiş təmir xərcləri üzrə hesablanmış amortizasiya məbləği istisna olmaqla) qədər həmin vəsaitin məbləği vergitutma obyekti hesab ediləcək.
Yəni, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə hesablanmış amortizasiya məbləği qədər vəsait vergi ödəyicisinin gəlir və xərclərinə aid ediləcək.
Dəyişiklik vergitutma məqsədləri üçün amortizasiya və təmir xərclərinin uçotunun aparılması mexanizminin təkmilləşdirilməsi çərçivəsində hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:
- dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan və aktivlərə aid edilən subsidiya (hökumət yardımı) hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə (fondlara) və qeyri-maddi aktivlərə görə tam məbləğdə amortizasiya hesablanması və həmin məbləğ qədər subsidiyanın gəlir hesab edilməsi;
- amortizasiya olunmayan aktivlərin alınması və ya quraşdırılması məqsədilə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan və aktivlərə aid edilən subsidiyanın (hökumət yardımının) gəlir və ya zərər kimi nəzərə alınmaması;
- aktivlərə aid edilən subsidiya hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməməsi.
Eyni zamanda, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən (investisiya xərcləri) dövlət müəssisələrinə 2026-cı il 1 yanvar tarixədək ayrılaraq nizamnamə kapitalına aid edilmiş vəsaitlər, habelə 2026-cı il 1 yanvar tarixindən sonrakı dövrdə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən investisiya layihələri üzrə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər üzrə hesablanmış amortizasiyanın yalnız 40 faizinin gəlirdən çıxılması davam etdirilir.
