Bakı. Trend:
Türkiyə mediasında Yalovada İŞİD terrorçuları ilə polis qüvələri arasında qanlı atışmanın baş verdiyi yaşayış evinin görüntüləri yayılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Polis əməkdaşları ərazidə terrorçuların başqa sığınacaqlarının və ya silah-sursat saxlanclarının ola biləcəyi ehtimalını nəzərə alaraq bölgədə geniş təhlükəsizlik tədbirləri həyata keçirir
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılmış əməliyyatda 3 polis zabiti şəhid olub, 6 terrorçu məhv edilib, 5-i isə sağ ələ keçirilib.
xxx
15:35
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç respublikanın şimal-qərbində yerləşən Yalova şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə polis arasında baş verən atışmadan sonra beş nəfərin saxlanıldığını bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Yalova vilayətində İŞİD-ə qarşı keçirilən əməliyyatla bağlı cinayət işi başlanıb, istintaqın aparılması üçün beş prokuror təyin edilib. Beş şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib”, – nazir bildirib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bundan əvvəl Yalovada ekstremistlərlə baş verən atışma nəticəsində üç polis əməkdaşının həlak olduğunu, səkkizinin isə yaralandığını bildirmişdi. Altı terrorçu zərərsizləşdirilib, onların hamısı Türkiyə vətəndaşı olub.
xxx
10:14
Türkiyənin Yalova şəhərində yerli Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları gecə saat 03:30 radələrində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Qeyd olunub ki, əməliyyat zamanı baş verən silahlı toqquşmada 7 polis əməkdaşı yaralanıb. Hadisə ilə əlaqədar Bursa vilayətindən Xüsusi Təyinatlı dəstək qrupları əraziyə cəlb olunaraq əməliyyat dəstəyi göstərilib.
Yaralanan 7 polis əməkdaşı dərhal xəstəxanaya yerləşdirilib və ilkin tibbi qiymətləndirmələrə əsasən, yaralıların həyatları üçün təhlükə yoxdur.
Məlumata görə, Bursa xüsusi təyinatlılarının gəlişindən sonra silahlı toqquşma 6 saata yaxındır ki, davam edir. Atışmanın küçələrdə getdiyi bildirilir.
Toqquşmanın baş verdiyi ərazidə yerləşən 5 məktəbdə tədris müvəqqəti dayandırılıb, ərazidə qaz və elektrik enerjisinin nəzarət məqsədilə kəsildiyi, mülki şəxslərin və nəqliyyat vasitələrinin əraziyə girişinə icazə verilmədiyi qeyd olunub.
