...

Novruz Məmmədov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək şansı böyükdür

Siyasət Materials 22 Oktyabr 2011 13:43 (UTC +04:00)
Rəsmi Bakı hesab edir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək şansı böyükdür.
Novruz Məmmədov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək şansı böyükdür

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı hesab edir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək şansı böyükdür.

"Oktyabrın 24-dək müəyyən proseslər gedəcək. Bu səsvermədə Azərbaycanın tərəfini saxlayan bir çox ölkələr var. Onlarla sonradan da danışıqlar davam etdiriləcək. Məndə olan məlumatlara görə, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Pakistan, İran Azərbaycanın mövqeyini dəstəkləyir. Bu proses bu gün və sabah davam edəcək. Bu gün yenə də Azərbaycanın şansı böyükdür, etimad böyükdür", - şənbə günü Trend-ə eksklüziv müsahibəsində Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Nyu-Yorkda BMT-nin mənzil-qərargahında 2012-2013-cü illər üçün təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) Şərqi Avropa ölkələrindən yeni qeyri-daimi üzvlüyünə Azərbaycanın və ya Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu nəticəsiz qalıb.

Ölkələrdən heç biri BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib. Seçkilərdə Azərbaycana qələbə üçün cəmi 14 səs çatmayıb. Nəticədə səsvermənin oktyabrın 24-də keçirilməsi haqqında qərar qəbul edilib.

Məmmədovun sözlərinə görə, əlbəttə ki, rəqib tərəf də öz düşərgələrində müəyyən işlər aparacaq.

"Yeganə arzu və istəyim ondan ibarət olardı ki, heç bir tərəfə güclə təzyiq göstərilməsin. Sadəcə olaraq, təbliğat aparılsın. İndi vəziyyət çox gərgindi. Azərbaycana yalnız 14 səs lazımdır və bundan sonra bu tarixi hadisə baş verə bilər - Azərbaycan BMT TŞ-nin üzvü ola bilər. Sloveniyaya isə təxminən 51 səs lazımdır. Əgər burda müəyyən bir dəyişiklik olarsa, demək, o ölkələrə çox güclü təzyiqlər olub ki, onlar öz mövqelərini dəyişiblər. Belə hallar baş verərsə, buna təəssüf etmək lazım gələcək", - PA rəsmisi əlavə edib.

Onun sözlərinə görə, ümumiyyətlə, indi burada Avropa İttifaqının namizədi ilə qarşı-qarşıya gəlmək bir sıra dairələri çox narahat etməyə başlayıb. Ona görə də, səsverməni tələsik dayandırıb oktyabrın 24-nə təyin etdilər.

"Bu məsələ bu gün bütün dünyanın diqqət mərkəzindədir. Çünki dünən Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilər keçirildi. Bura planetimizin müxtəlif bölgələrindən olan 5 ölkə seçilməliydi. Bu namizədlərin içərisində Azərbaycan da vardı. Azərbaycan Avropanın namizədləri içərisində idi. Yəni, Avropanın 3 dövlətindən - Macarıstan, Sloveniya və Azərbaycandan biri seçilməli idi. Qeyd edim ki, elə bu seçimə görə Azərbaycan çox gərgin və çətin vəziyyətdədir. Bilirsiniz ki, Avropa İttifaqı kimi güclü bir qurum daim öz namizədinin arxasında dayanır. Buna baxmayaraq, digərləri ilə müqayisə edəndə, bu seçkilər həddən artıq gərgin keçirilib. Baş Assambleyanın seçkilərinin tarixində bu cür hadisələr çox az-az olur. Əvvəllər də analitik proqnozlar verərək göstərirdilər ki, Azərbaycanın şansı çox azdır. Bəziləri hətta hesab edirdilər ki, Azərbaycanın şansı 20-25 faizdir. Lakin seçkilər çox gərgin olsa da, birinci raunddan sonra Macarıstan az səs toplayaraq kənarda qaldı. Azərbaycan və Sloveniya səsverməni davam etdirməyə başladılar. Səsvermə 9 raund davam etdi və 9 raund zamanı əvvəlcə səslər təxminən bərabər idisə, sona yaxın artıq Azərbaycanın mövqeyi həddən artıq möhkəmləndi və 9-cu raundda Azərbaycan 113 səs topladı. Sloveniya isə 77 səs topladı", - PA rəsmisi səsvermənin nəticələrini şərh edərkən deyib.

Məmmədov hesab edir ki, ümumiyyətlə, BMT-də səsvermə adətən saat 21:00 - 22:00-dək davam edir.

"Səsverməni aparan iclasın sədri Qətərin nümayəndəsi idi. Lakin hansısa dairələr belə qərara gəldilər ki, səsverməni bir qədər tez də dayandırmaq olar. Bunun da səbəbini müəyyən mənada anlayıram. Yəni, Azərbaycanın belə bir şəraitdə bu cür vəziyyətdə birdən-birə bu qədər səs toplaması, görünür, çoxlarını narahat etmişdir", - PA rəsmisi deyib.

Novruz Məmmədovun bəyənatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti