Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan və Gürcüstan növbəti XİN-lərarası və konsulluq məsələləri üzrə məsləhətləşmələr keçirəcək. Trend-in çərşənbə günü yaydığı məlumata görə, bu barədə razılaşma iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Bakıya rəsmi səfər edən Qriqol Vaşadzenin görüşü zamanı əldə olunub.
Azərbaycanın xarici işlər naziri iki ölkənin münasibətlərini strateji və daim inkişaf edən münasibətlər kimi qiymətləndirib.
Vaşadze azərbaycanlı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib ki, Gürcüstan bu münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir.
"Biz cari danışıqlarda həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələləri müzakirə etdik", - Vaşadze deyib.