...

İlham Əliyev Abdullah Gülü və Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Siyasət Materials 28 Oktyabr 2011 19:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Abdullah Gülü və Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Abdullah Gülə və Baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

"Dost və qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Türkiyənin hərtərəfli inkişafı, iqtisadi yüksəlişi onun regionda cərəyan edən proseslərdə artan rolu ilə müşayiət olunur. Biz Türkiyənin uğurlarına ürəkdən sevinir və bundan qürur hissi keçiririk. Tarixi birliyimizdən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanan Azərbaycan-Türkiyə dövlətlərarası münasibətləri xalqlarımızın yekdil iradəsini əks etdirərək, özünün ən yüksək səviyyəsi ilə seçilir.

Əminəm ki, zamanın sınaqlarından çıxmış dostluq və qardaşlığımız ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin, müttəfiqliyimizin və həmrəyliyimizin əbədi mənbəyi olaraq daim xalqlarımızın rifahına xidmət edəcəkdir", - Türkiyə Prezidentinə ünvanlanan təbrikdə deyilir.

İlham Əliyev Abdullah Gülə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq diləyib.

"Qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün Türk xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Türkiyənin hərtərəfli yüksəlişindən, dünya miqyasında artan nüfuzundan, beynəlxalq məsələlərdə fəal iştirakından böyük məmnunluq duyuruq. Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın dostluq və qardaşlığından güc alır. Bu cür möhkəm təməllər üzərində yüksələn dövlətlərarası münasibətlərimiz xalqlarımızın sarsılmaz iradəsinin bariz ifadəsidir.

Əminəm ki, qarşılıqlı inam və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasında, ölkələrimizin iqtisadi qüdrətinin artmasında daim mühüm rol oynayacaqdır", - Baş nazirə ünvanlanan təbrikdə deyilir.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti