...

Fransa turizm jurnalında "Azərbaycana səyahət" adlı məqalə dərc olunub

Siyasət Materials 31 Oktyabr 2011 17:32 (UTC +04:00)
Fransanın "Univers des Voyages" (Dünya Səyahəti) turizm jurnalının 148-ci sayında "Azərbaycana səyahət" başlığı altında məqalə dərc edilib.
Fransa turizm jurnalında "Azərbaycana səyahət" adlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev/

Fransanın "Univers des Voyages" (Dünya Səyahəti) turizm jurnalının 148-ci sayında "Azərbaycana səyahət" başlığı altında məqalə dərc edilib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Məqalədə bildirilir ki, Asiya ilə Avropanın kəsişməsində olan və Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan iki qitəni birləşdirən ölkədir, 1991-ci ildə öz müstəqilliyini bərpa edib və 2011-ci ildə müstəqilliyinin bərpasının 20-ci ildönümünü məhz turizm ili elan edib.

Məqalədə, həmçinin qeyd olunur ki, dünyanın ən böyük gölü sayılan Xəzər dənizi neftlə zəngindir və bu səbəbdən Azərbaycan dünyada iri neft istehsal edən ölkələrdən biridir.

Müəllif Azərbaycanın zəngin müxtəlif mədəni irsindən və dini tolerantlığından yazır və Bakı şəhərinin qədim arxitekturasına, eyni zamanda, müasirliyinə və burada bir sıra fransız brendlərinin fəaliyyət göstərməsinə, həmçinin İçərişəhərin qədimliyinə və YUNESCO-nun İrs Siyahısına daxil olduğuna xüsusi diqqət yetirir.

Eyni zamanda, Abşeron yarımadasında yerləşən Atəşgahdan, Qobustandan, Azərbaycanın Odlar Yurdu olmasından və Azərbaycanda olan müxtəlif məşhur palçıq vulkanlarından bəhs edilir. Bakı ilə yanaşı, Azərbaycanın digər regionlarının da zəngin tarixə malik olması vurğulanır, Lahıcın və Şəkinin turizm potensialı haqqında məlumat verilir, Şəki Xan Sarayı və Kiş kilsəsindən bəhs edilir və "Eurovision" mahnı müsabiqəsinin 2011-ci ildə qalibi olmuş Azərbaycanın 2012-ci ildə növbəti Avropa mahnı müsabiqəsi zamanı öz turizm potensialını nümayiş etdirə biləcəyi qeyd edilir.

Məqalənin sonunda 2010-2014-cü illər üzrə Azərbaycanda turizm sahəsinin inkişafı strategiyası, 2011-ci il ərzində Bakıda açılacaq 5 ulduzlu mehmanxanalara dair və hazırda Azərbaycanda 25 ədəd digər növ mehmanxanaların tikintisi layihələri üzərində iş aparıldığı ilə bağlı məlumat verilir və fransız turistlərin Azərbaycana cəlb edilməsi üçün Şərab Turizm Marşrutunun və Aleksandr Düma Mədəni-Turizm Marşrutunun əhəmiyyəti vurğulanır.

Məqalədə Bakı şəhərinin, İçərişəhərin, Kiş kilsəsinin və Şəki bazarının şəkilləri əks olunub.

Xəbər lenti

Xəbər lenti