Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir S.Ağayeva /
Moldovanın Baş naziri Vladimir Filatın Azərbaycana səfəri gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Moldovanın Bakıdakı səfiri İqor Bodiu məlumat verib.
Diplomat bildirib ki, Moldova tərəfi səfərlə bağlı təklifi Azərbaycan Prezidenti İlham Əliyevlə Baş nazir Vladimir Filat arasında Varşavada keçirilən "Şərq tərəfdaşlığı" sammiti çərçivəsindəki görüş zamanı əldə olunan razılaşma əsasında edib.
"Moldova tərəfi səfərin vaxtı kimi 13-14 dekabrı təklif edib və indi biz Azərbaycandan cavab gözləyirik", - səfir deyib.
Diplomat qeyd edib ki, səfər ərəfəsində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. İclas dekabrın 1-2-də Kişinyovda təşkil olunacaq.
Azərbaycanla Moldova arasında müqavilə-hüquq bazası 52 müqavilə və sazişdən ibarətdir. Ölkələr Aİ, ATƏT, GUAM və QİƏT kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər.