Azərbaycan, Bakı, 11 noyabr /Trend müxbir M.Əliyev/
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Asif Samdani ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə cümə günü səfirlikdən bildirilib.
Şikarov Asim Samdanini Pakistanın Hərbi dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin olması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Şikarov Pakistanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik edərək, Pakistan hökumətinin həmin təşkilata seçkilər zamanı Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Səfir Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi daxil olmaqla, bütün məsələlərdə Pakistanın indiyə kimi verdiyi dəstəyə, habelə işğalçı Ermənistanı bir dövlət kimi tanımadığına görə admirala təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib.
Şikarov iki ölkənin hərbi dəniz qüvvələri arasında olan əlaqələrdən söz açaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələri zabitlərinin Pakistanın müvafiq təhsil müəssisələrində təkmilləşmə kurslarının təşkili üçün həmsöhbətinə təşəkkürünü bildirib.
Admiral Asim Samdani iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini yüksək qiymətləndirib və Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb. O, Azərbaycanın, Kəşmir problemi daxil olmaqla, bütün məsələlərdə Pakistana verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Admiral Azərbaycanı BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi ilə əlaqədar təbrik edib, ölkəsinə verilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq hissini ifadə edib. Komandan Pakistan Hərbi Dəniz Qüvvələrinin qüdrətindən, terrorla mübarizədə apardığı beynəlxalq əməliyyatlarda iştirakından, 2011 ildə Kəraçi şəhərində keçirilən beynəlxalq təlimlər və orada Azərbaycan müşahidəçilərinin iştirakından söz açıb.
Admiral hər iki ölkənin hərbi dəniz qüvvələri arasında münasibətləri daha da genişləndirməyin vacibliyini vurğulayıb.