...

Fuad Ələsgərov: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi transmilli cinayətkarlığa şərait yaradır

Siyasət Materials 18 Noyabr 2011 09:00 (UTC +04:00)
Noyabrın 16-19-da İsvecrənin Cenevrə şəhərində Tranmilli Cinayətkarlığa qarşı 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum keçirilir.
Fuad Ələsgərov: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi transmilli cinayətkarlığa şərait yaradır

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir M.Əliyev/

Noyabrın 16-19-da İsvecrənin Cenevrə şəhərində Tranmilli Cinayətkarlığa qarşı 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum keçirilir.

İsveçrənin Cenevrə şəhərində Krans Montana Forumunun təşkilatçığı ilə noyabrın 16-da başlanan Tranmilli Cinayətkarlığa qarşı 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forumda 60-dan çox ölkədən yüksək dövlət və hökumət nümayəndələri, ö cümlədən nüfuzlu beynəlxalq təşkilatlardan və transmilli şirkətlərdən 200-dən çox nümayəndə iştirak edir.

Sammit aktual beynəlxalq təhlükəsizlik məsələlərinə, o cümlədən beynəlxalq cinayətkarlığa, terrorizmə və korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilib.

Trend-in məlumatına görə, sessiyada Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak edir.

Sammitin açılışında Krans Montana Forumunun təsisçisi və icraçı direktoru Jan-Paul Karteron açılış nitqində dövlətlərin və cəmiyyətlərin üzləşdiyi beynəlxalq təhdidlər, xüsusilə, transmilli cinayətkarlıq və terrorizm məsələlərinə toxunub. Həmçinin, Karteron öz çıxışında Krans Montana Forumunun növbəti illik sessiyasının Bakı şəhərində keçiriləcəyi barədə məlumat verib, Azərbaycanın sürətli iqtisadi inkişafına, eləcə də mürəkkəb geostrateji mövqeyinə baxmayaraq, digər ölkələrə nümunə ola biləcək təhlükəsizliyə və sabitliyə nail olduğunu xüsusilə qeyd edib. Karteron çıxışında ölkəmizin əldə etdiyi inkişafın həyata keçirilən dinamik və düşünülmüş siyasətlə yanaşı, həm də belə sabitliyin və təhlükəsizliyin nəticəsi olduğunu vurğulayıb və ölkəmizin inkişafının regionun təhlükəsizliyinə böyük töhfə verəcəyinə inandığını bildirib.

Sammitin açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Forum iştirakçılarına çatdırıb.

Ələsgərov Azərbaycanda son illər ərzində yüksək iqtisadi və sosial inkişafa nail olunduğunu, demoktratik dövlət quruculuğunun, müasir hüquq sisteminin təşkili sahəsində əsaslı islahatların həyata kecirildiyini, korrupsiyaya və digər mütəşəkil cinayətkarlığa qarşı sərt və səmərəli tədbirlərin görüldüyünü qeyd edib. Həmçinin, Azərbaycanın terrorizmə qarşı beynəlxalq koalisiyada fəal iştirak etdiyini, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti nəticəsində beynəlxalq enerji təhlükəsizliyinin təminatçılarından biri kimi çıxış etdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın da beynəlxalq terrorizmə məruz qaldığını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin yalnız regional təhlükəsizliyə deyil, həmçinin qlobal təhlükəsizliyə, o cümlədən transmilli cinayətkarlığa, xüsusilə, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə şərait yaratdığını bildirib.

Çıxışının sonunda Fuad Ələsgərov Krans Montana Forumunun növbəti illik sessiyasının 2012-ci ildə Azərbaycanda keçirilməsi münasibətilə işitrakçıları Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycanda görməkdən məmnun olacağını ifadə edib.

Milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev çıxışında qeyd edib ki, Azərbaycan 1980-1990-cı illərdə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş onlarla terror aktı ilə üzləşib. Hazırda Azərbaycan milli təhlükəsizlik orqanları tərəfindən beynəlxalq terror şəbəkələrinə qarşı uğurlu mübarizə aparılır. Bu günə kimi "Meşə qardaşları", "İmam Mehdinin şimal ordusu", "əl-Qaidə Qafqaz" və digər terror qrupları zərərsizləşdirilib. Bundan əlavə, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiyaya və digər cinayətlərə qarşı səmərəli mübarizə aparılır. Bu sahələrdə 50-dən artıq xarici ölkənin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq əlaqələri qurulub.

Sammit çərçivəsində, həmçinin Azərbaycan nümayəndə heyəti bir sıra beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirir.

Beynəlxalq sammit öz işini noyabrın 19-dək davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti