...

Azərbaycan Prezidenti Şəkidə mərkəzi xəstəxananın açılışında iştirak edib (FOTO)

Siyasət Materials 17 Noyabr 2011 19:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak edib.
Azərbaycan Prezidenti Şəkidə mərkəzi xəstəxananın açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilib. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub.

Əsas bina altı korpusdan ibarətdir. Birinci və ikinci korpuslar üçmərtəbəli, üçüncü və dördüncü korpuslar ikimərtəbəli, digər iki korpus isə birmərtəbəlidir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir.

Təcili tibbi yardım şöbəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada reanimasiya və kiçik əməliyyat bloku var.

Qeyd olundu ki, bu şəfa ocağında 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaq. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Xəstəxanada, həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulub. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır.
Bildirildi ki, tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilib. Bloklarda ilk dəfə olaraq Azərbaycan dilində xüsusi sensorlu monitorlar quraşdırılıb. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət edilir.

Bundan başqa, blokların divarları da xüsusi istilik sistemi ilə təchiz olunub ki, bu da dünyanın ən aparıcı ölkələrinin tibb ocaqlarında istifadə edilir. Xəstəxanada hər cür şəraitlə təchiz edilmiş konfrans zalı da fəaliyyət göstərir.

Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxananın dörd hektarlıq həyətyanı sahəsində avtodayanacaqlar, su hovuzları, içməli və çirkab su anbarları, nasosxana, transformator yarımstansiyası, qazanxana tikilib. Xəstəxananın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınıb.

Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Şəki ictimaiyyətinin və xəstəxananın kollektivi adından çıxış edən həkim İmran Əliyev dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti