...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İNTERPOL-un yadigar medalı təqdim edilib (FOTO)

Siyasət Materials 22 Noyabr 2011 17:56 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İNTERPOL-un yadigar medalı təqdim edilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İNTERPOL-un yadigar medalı təqdim edilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva noyabrın 22-də ölkəmizdə səfərdə olan beynəlxalq polis təşkilatı - İNTERPOL-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, Heydər Əliyev Fonduna gələn İNTERPOL-un nümayəndə heyətinə əvvəlcə Fondun məqsədi və fəaliyyəti haqqında məlumat verildi.

Qonaqların diqqətinə çatdırıldı ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini daşıyır. Bildirildi ki, Fondun fəaliyyətində səhiyyə, təhsil, sosial və mədəniyyət sahələrində layihələrin həyata keçirilməsi prioritet istiqamətlərdir.

İNTERPOL-un nümayəndə heyəti ulu öndərin şəxsi arxivindən götürülən və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlar və fotoşəkillərlə tanış oldu.

Nobl Fondun xatirə kitabına ürək sözlərini yazdı.

Sonra İNTERPOL-un nümayəndə heyəti ilə görüşən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qonaqları salamlayaraq bildirdi ki, onların ölkəmizlə daha yaxından tanış olmaq imkanı vardır. Azərbaycanın bu il müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyini deyən Heydər Əliyev Fondunun prezidenti ötən müddətdə ölkəmizin böyük nailiyyətlər əldə etdiyini, regionun lider dövlətinə çevrildiyini, respublikamızda bütün sahələrdə sürətli inkişafın getdiyini diqqətə çatdırdı.

Mehriban xanım Əliyeva xüsusilə qeyd etdi ki, Azərbaycan təhlükəsiz ölkədir və respublikamızda cinayətkarlığın səviyyəsi çox aşağıdır. Heydər Əliyev Fondunun prezidenti ölkəmizin 1992-ci ildən İNTERPOL-a üzv olduğunu, dövlət və hökumət orqanları ilə bu qurum arasında sıx əlaqələrin qurulduğunu vurğuladı.

Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Mehriban xanım Əliyeva Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini söylədi.

"Ümidvaram ki, biz qeyri-hökumət təşkilatı olaraq gələcəkdə əməkdaşlıq qura bilərik", - deyən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun BMT, UNESCO, UNİCEF, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd etdi.

"Azərbaycan təhlükəsizlik baxımından nümunəvi ölkədir", -deyən İNTERPOL-un baş katibi Ronald Nobl Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu vurğulayaraq Fondun mədəniyyət tədbirlərinin keçirilməsindəki təcrübəsini qeyd etdi. O, gələcəkdə Azərbaycanda birgə mədəni tədbirlərin keçirilməsini təklif etdi.

Sonra Ronald Nobl İNTERPOL-un bu il təsis etdiyi "Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə" yadigar medalını Mehriban xanım Əliyevaya təqdim etdi.

Baş katib Nobl bildirdi ki, Mehriban xanım Əliyeva dünyada bu medalın təqdim olunduğu ilk şəxsdir.

Xəbər lenti

Xəbər lenti