Azərbaycan, Bakı, 30 noyabr /Trend müxbir T.Cəfərov/
İran parlamentinin spikeri Əli Laricani Qərb ölkələrinə məsləhət görür ki, İrana qarşı hərəkətlərində diqqətli olsunlar. Bunu Laricani bu gün Tehranda keçirdiyi mətbuat konfransında jurnalistin "İran Britaniya ilə əlaqələrini azaltdığı kimi, Fransa ilə də əlaqələrini nəzərdə keçirməyi düşünürmü" sualına cavab verərkən deyib. Bu barədə Trend İranın İRİNN xəbər kanalına istinadən məlumat verir.
"Böyük Britaniya ilə əlaqələrin azaldılması layihəsini parlamentdə təsdiq etdik və bununla da onlara göstərmək istədik ki, İran xalqı onların düşmənçilik hərəkətlərinə göz yummayacaq, digər ölkələrə də məsləhətimiz budur ki, öz hərəkətlərində diqqətli olsunlar", - Laricani deyib.
"Reuters" agentliyinin məlumatına əsasən, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Bernar Valero çərşənbə axşamı bildirib ki, rəsmi Paris İran Mərkəzi Bankına və ölkənin neft satışına qarşı geniştərkibli sanksiyalar tətbiq edilməsi ilə bağlı öz müttəfiqləri ilə danışıqlar aparır. "Rəsmi Paris düşünür ki, İrana qarşı sərt sanksiyalar tətbiq olunmalıdır ki, İslam Respublikası strateji qərar qəbul edərək danışıqlara qoşulsun və beynəlxalq öhdəliklərini yerinə yetirsin", - Valero deyib.
Bir müddət əvvəl İran parlamenti Britaniya ilə diplomatik və iqtisadi əlaqələrin məhdudlaşdırılması haqqında qanun qəbul edib. Parlamentarilərin əksəriyyəti iki həftə ərzində Britaniya səfirinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq ediblər.
Britaniya noyabr ayının əvvəlində İrana qarşı sanksiyalar elan etmişdi.
Laricani əlavə edib ki, Britaniya öz hərəkətlərində dəyişiklik edərsə, İran bu ölkə ilə münasibətlərin normallaşdırılması məsələsinə baxa bilər.