...

Azərbaycanın hakim partiyası: "Transparency International"ın hesabatı obyektivlikdən uzaqdır

Siyasət Materials 3 Dekabr 2011 13:51 (UTC +04:00)
Bir sıra beynəlxalq təşkilatlar var ki, onların hazırladıqları hesabatlar obyektivlikdən uzaq olur. "Transparency International" da belə təşkilatlardan biridir.
Azərbaycanın hakim partiyası: "Transparency International"ın hesabatı obyektivlikdən uzaqdır

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bir sıra beynəlxalq təşkilatlar var ki, onların hazırladıqları hesabatlar obyektivlikdən uzaq olur. "Transparency International" da belə təşkilatlardan biridir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, Azərbaycanla bağlı bir sıra xarici qurumların, QHT-lərin təhlilləri subyektiv xarakter daşıyır. Onun sözlərinə görə, "Transparency International" son hesabatında Azərbaycanın korrupsiyaya bağlı "yerini müəyyənləşdirib".

"Transparency International" nə zaman təhlil aparıb və necə aparıb? Cəmiyyətin bütün təbəqələrinin mövqeyini aydınlaşdıra bilibmi? Əgər biz diqqətlə yanaşsaq, görərik ki, bu qurum hesabat hazırlayarkən Azərbaycanda müxalifət mətbuatında heç bir fakta söykənməyən, yalnız ayrı-ayrı yazarların təxəyyülünün məhsulu olan materiallara istinad edib. Məlumdur ki, mətbuatda dəqiq olmayan və bir sıra hallarda qərəzli şəkildə Azərbaycanda korrupsiya ilə əlaqədar yazılar dərc olunur. Həmin yazılarda göstərilən "faktlar"a istinad edərək bu cür hesabatlar hazırlanır", - hakim partiya sözçüsü bildirib.

YAP icra katibinin müavini qeyd edib ki, Azərbaycan hakimiyyəti ölkədə sağlam iqtisadi mühitin yaradlılması üçün bütün addımları atır.

Ölkəmizdə korrupsiyanın qarşısının alınması üçün hüquqi və iqtisadi sistemlərin təkmilləşdirildiyini deyən Qurbanlı korrupsiyaya qarşı mübarizənin ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. O, xatırladıb ki, BMT-nin yaydığı hesabatlara görə, dünyada bir neçə trilyon dollar məbləğində korrupsiya vəsaiti mövcuddur.

"Dünyanın ən qabaqcıl ölkələrində korrupsiyanın ayrı-ayrı elementləri açıq şəkildə özünü göstərir. Və bu gün korrupsiyaya qarşı mübarizə ümumdünya səviyyəsində həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan "Transparency International"ın tərtib etdiyi siyahıda korrupsiyanın ən az olduğu ölkələr sırasında dayanmalıdır. Burada göstərilən yer Azərbaycan üçün uyğun olmayan və qərəzli şəkildə müəyyən olunmuş yerdir. Çünki trilyonlarla dollar məbləğində korrupsiyanın mövcud olduğu dünya ölkələri ilə müqayisədə Azərbaycanda bu problem çox aşağı səviyyədədir. Ümumiyyətlə, korrupsiyanın yaranma səbəbləri aradan qaldırılmalıdır. Çünki dünyada korrupsiyanın yaranmasının başlıca səbəblərindən biri iqtisadi islahatların ləng getməsi ola bilər", - o əlavə edib.

YAP icra katibinin müavini bildirib ki, Azərbaycan iqtisadi islahatların aparılması reytinqinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. O cümlədən, beynəlxalq maliyyə qurumları Azərbaycanı ən islahatçı dövlətlərdən biri hesab edir. Azərbaycanda maliyyə-kredit siyasətinin şəffaf şəkildə həyata keçirildiyni deyən Qurbanlı, eyni zamanda, dövlət büdcəsinin də şəffaf şəkildə hazırlanaraq cəmiyyətə təqdim olunduğunu xatırladıb.

"Korrupsiyanı yaradan bu və digər hallar varsa, bunu aradan qaldırmaq üçün həm qanunvericilik yolu ilə, həm də müvafiq strukturlar, o cümlədən hüquq-mühafizə orqanları vasitəsilə tədbirlər görülür. Azərbaycanda korrupsiyanın qarşısının alınması üçün ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət çox ciddi nəticələr verməkdədir. Korrupsiyanın qarşısının alınması üçün iqtisadi islahatların daha da dərinləşdirilməsi, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi zərurəti tam şəkildə Azərbaycanda öz yerini tapıb. Bu iqtisadi islahatlar yolu ilə ölkəmiz korrupsiya elementlərinin daha minimuma endirilməsi üçün geniş işlər görməkdədir. Hesab edirəm ki, "Transparency International"ın yaydığı hesabat birtərəflidir, qeyri-ciddi və qeyri-obyektivdir. Ona görə də bu cür məlumatları şişirdərək bundan hakimiyyətin siyasətini gözdən salmağa yönələn və bu istiqamətdə təbliğat aparan dairələr də, əslində, həmin təşkilat ilə eyni sırada dayanaraq milli dövlətimizin imicinə xələl gətirmək cəhdi göstərməkdədirlər", - YAP İcra katibinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti