...

Azərbaycanda hərbi qanunvericilik yenilənib

Siyasət Materials 13 Dekabr 2011 16:59 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin çərşənbə günü keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Azərbaycanda hərbi qanunvericilik yenilənib

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin çərşənbə günü keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Trend-in məlumatına görə, qanun layihəsi barədə məruzə edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, qanun mövcud "Hərbi xidmətkeçmənin əsasları" və "Hərbi vəzifə haqqında" qanunların birləşməsini özündə ehtiva edir.

Əsgərov qeyd edib ki, maqistrantlara, çoxuşaqlı ailə başçılarına möhlət verilməsi, çağırışın ildə 4 dəfədən 2 dəfəyə endirilməsi bu qanunun müzakirə obyekti deyil.

"Qanun qəbul olunduqdan sonra müəyyən təkliflərlə çıxış etmək olar, amma hazırda bu qanunun qəbul edilməsinin əsas məqsədi ondan ibarətdir ki, iki qanunu birləşdiririk və
Konstitusiyamıza uyğunlaşdırırıq", - birinci vitse-spiker bildirib.

Əsgərov qeyd edib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi ümumilikdə vətəndaşların hərbi qeydiyyatı, gənclərin hərbi xidmətə hazırlanması, həqiqi hərbi xidmətə çağırış, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə, hərbi xidmət, hərbi xidmətkeçmə, ehtiyatda xidmət fəsillərini özündə əks etdirir.

Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, orduda nizam-intizam, təchizat daha da gücləndirilməlidir. Onun sözlərinə görə, peşəkar orduya keçid zərurətə çevrilib.

"Yüngül atıcı silahları əsgərlər 1-2 aya öyrənə bilərlər. Bu səbəbdən hərbi xidmət vaxtını 1 ilədək endirmək müzakirə mövzusu ola bilər", - o deyib.

Millət vəkilləri öz çıxışlarında magistrlərə möhlət hüququ verilməsi ilə bağlı növbəti dəfə təkliflərlə çıxış ediblər.

Qənirə Paşayeva bildirib ki, ölkənin xaricdə təhsil alan savadlı gənclərə ehtiyacı var.

"Bu gün hərbiyə daha çox orta məktəbləri bitirən gənclər gedir. Bəs orta məktəblərdə hərbi dərslər nə səviyyədə tədris olunur?" - Paşayeva deyib.

Millət vəkili Siyavuş Novruzov çıxışında deyib ki, konseptual baxımından qanun layihəsi vacib əhəmiyyət kəsb edir. O qeyd edib ki, magistrlərin çox az faizi sonradan elmlə məşqul olur.

"Çoxları təhsili başa çatdırdıqdan sonar nazirliklərə, digər qurumlara işə düzəlirlər", - Novruzov deyib.

Millət vəkili Abel Məhərrəmov layihənin müzakirəsi zamanı bildirib ki, magistratura və doktoranturada təhsil alan gənclərə möhlət verilməlidir.

"Kim deyir ki, möhlət verilmə insanı hərbi xidmətdən uzaqlaşdırır? 35 yaşınadək insan xərbi xidmətə gedə bilər", - Məhərrəmov deyib.

O, rektoru olduğu Bakı Dövlət Universitetini misal gətirərək qeyd edib ki, təhsili davam etdirənlər sırasında çoxu qızlardır.

"XXI əsr elm-texnologiya əsridir. Elmin inkişafı ilə müharibədə qalib gələ bilərik", - Məhərrəmov deyib.

Millət vəkili Gülər Əhmədova isə çıxışında Azərbaycan Ordusunda "dedovşina"nın olmasını qeyd edib.

"Azərbaycan Ordusunun NATO standartlarına uyğun təşkil olunduğu halda, yenə də "dedovşina"nın şahidi oluruq", - Əhmədova bildirib.

Onun sözlərinə görə, bunun səbəbi Azərbaycan Ordusunda psixoloji xidmətin olmamasındadır.

"Orduda hərbi psixoloq olmalıdır. Bunun üçün BDU-nun psixologiya fakültəsində kifayət qədər kadrlar var", - o deyib.

Millət vəkili qeyd edib ki, bu məsələ ilə bağlı müvafiq bəndlər qanunvericilik aktında əlavə edilməlidir.

Milli Məclisin birinci spikeri Ziyafət Əsgərov bü məsələyə münasibət bildirərək qeyd edib ki, psixoloji yardım məsələsinə fikir verilməlidir.

Millət vəkili Musa Qasımlı çıxışında ordudan tərxis olunanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məsələnin qanunvericilikdə öz əksini tapmasının vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti