...

Braziliya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır

Siyasət Materials 14 Dekabr 2011 15:26 (UTC +04:00)
Braziliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və beynəlxalq təşkilatların qətnamə və qərarları əsasında həllinin tərəfdarıdır.
Braziliya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Braziliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və beynəlxalq təşkilatların qətnamə və qərarları əsasında həllinin tərəfdarıdır. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Braziliyanın Bakıdakı səfiri Paulo Antonio Pereyra Pinto xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Görüş Pereyranın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar baş tutub.

Məmmədyarov səfirin ikitərəfli münasibətlərin inkişafı üzrə fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti