Azərbaycan, Bakı, 20 dekabr /Trend/
MDB ölkələrinin 2012-ci ildə iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətinin müstəsna mövzusu rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq müəyyən edilib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə qərar çərşənbə axşamı Moskvada keçirilən və Birliyin yaradılmasının 20 illiyinə həsr edilmiş MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı qəbul edilib.
11 ölkənin liderləri qarşılıqlı inteqrasiya fəaliyyətinin bir sıra aktual məsələlərini müzakirə ediblər. Onlar bəyanat qəbul ediblər. Liderlər bəyanatda əməkdaşlığın inkişaf etdirilməsi niyyətini və Birlik ölkələrinin qarşılıqlı anlayış və fəaliyyətinin möhkəmlənməsi, insanların həyatının yaxşılaşdırılması, onların rifahının artırılması və qarşılıqlı ünsiyyətin genişləndirilməsini təsdiqləyiblər.
Sənəddə MDB çərçivəsində müxtəlif sahələrdə inkişafın strateji vəzifələri qeyd edilib, Birliyin gələcəkdə də vacib sabit və təhlükəsiz faktoru, qarşılıqlı faydalı əməkdaşlıq məkanı, sabit siyasi, sosial-iqtisadi, humanitar və elmi-texniki inkişaf regionu qalması üçün mümkün olan hər şeyin ediləcəyinə hazırlıq ifadə edilib.
Dövlət liderləri, həmçinin, MDB müşahidəçilərinin prezident və parlament seçkilərində, eləcə də üzv dövlətlərdəki referendumlarda missiyasının artırılması barədə qərar qəbul ediblər. Qəbul edilən sənəddə qeyd edilir ki, ATƏT çərçivəsində seçkilərdə vahid kollektiv razılaşdırılmış beynəlxalq müşahidə qaydalarının hazırlanması və qəbulu üzrə işlər davam etdiriləcək.
MDB-də 2009-cu il energetika sahəsində əməkdaşlığa, 2010-cu il elm və innovasiyaya, 2011-ci ildə isə ərzaq təhlükəsizliyinin artırılmasına həsr edilmişdi.