Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə qəbul təşkil edib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Qonaqlar qarşısında çıxış edən səfir Vilayət Quliyev 2011-ci ilin Azərbaycan xalqının həyatındakı yaddaqalan yeri, ölkəmizin beynəlxalq miqyasda get-gedə artan nüfuzu və çağdaş dünya birliyinə daha sıx inteqrasiyası haqqında danışıb. Daha sıx milli birliyə nail olmaq və xalqımızı yüksək ləyaqətlə təmsil etmək baxımından diaspor qurumlarının üzərinə düşən vəzifənin əhəmiyyəti xüsusi vurğulanıb.
Qəbulda Macarıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, macar ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Qonaqlara Azərbaycan musiqisini dinləmək imkanı yaradılıb, onlara zəngin Azərbaycan mətbəxi nümunələri təklif edilib.