Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) 3-cü mərhələsi razılaşdırılıb.
"19 dekabr 2011-ci il tarixində Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının 3-cü mərhələsi Azərbaycan Respublikası və NATO arasında razılaşdırılıb. 3-cü mərhələ 2012-2013-cü illəri əhatə edir. Sənəd siyasi və təhlükəsizlik; müdafiə və hərbi; ictimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit məsələləri; inzibati məsələlər, məlumatların təhlükəsizliyi, resurslar və hüquqi məsələləri əhatə edən dörd bölmədən ibarətdir", - XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumatda deyilir.
Azərbaycanın NATO ilə IPAP-ın birinci fazası 2005-ci ildə təsdiq olunub. Həmin dövrdən bəri IPAP iki fazada uğurla yerinə yetirilib və bu məqam ən müxtəlif səviyyələrdə NATO rəsmiləri tərəfindən yüksək qiymətləndirilib.