...

Avropa Məhkəməsinə müraciət Azərbaycan torpaqlarının işğalının beynəlxalq məhkəmə tərəfindən tanınmasına imkan yaradır - Prezident Administrasiyası

Siyasət Materials 12 Yanvar 2012 14:53 (UTC +04:00)
Trend Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun müsahibəsini təqdim edir.
Avropa Məhkəməsinə müraciət Azərbaycan torpaqlarının işğalının beynəlxalq məhkəmə tərəfindən tanınmasına imkan yaradır  - Prezident Administrasiyası

Azərbaycan, Bakı, 12 yanvar / Trend /

Trend Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun müsahibəsini təqdim edir.

- Yanvarın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayətinin, eləcə də erməni qaçqınının Azərbaycana qarşı şikayətinin məqbulluğu haqqında qərar qəbul edib. Həmin şikayətlər haqqında ətraflı bilmək olarmı?

- 2005-ci ilin aprelində Azərbaycanın Laçın rayonundan olan Elxan Çıraqov və digər beş köçkün Avropa Məhkəməsinə Ermənistana qarşı şikayət ərizəsi veriblər. Azərbaycan hökuməti üçüncü tərəf kimi həmin şikayətə baxılmasında özünün iştirak hüququndan istifadə edib. Bu şikayət Azərbaycan vətəndaşlarının Ermənistana qarşı verdiyi mindən artıq belə şikayət ərizəsindən biridir.

Təxminən il yarımdan sonra Avropa Məhkəməsinə Ermənistan vətəndaşı Sarqsyandan Azərbaycana qarşı birinci ərizə daxil olub. Sarqsyan iddia edib ki, o, 1992-ci ilədək Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndində yaşayıb və silahlı münaqişə nəticəsində Yerevana köçməyə məcbur olub. Həmin ərizənin verilməsi tarixi və onun mətni kifayət qədər birmənalı şəkildə bunun erməni tərəfinin Avropa Məhkəməsində Azərbaycanın aktiv fəaliyyətinə reaksiyası olduğunu göstərir. Lakin həmin şikayətin təqdim olunmasında "kiçik gecikməyə" baxmayaraq, Avropa Məhkəməsində hər iki işə baxılma prosesi praktiki olaraq eyni vaxtda başlayıb. 2010-cu il sentyabrın 15-də Strasburqda hər iki şikayət üzrə açıq məhkəmə dinləmələri keçirilib.

Laçın rayonundan olan məcburi köçkünlərin təşəbbüsü ilə Avropa Məhkəməsində onları Britaniyanın hüquq müdafiəsi təşkilatından olan bir qrup vəkil təmsil edib. Öz növbəsində, dövlət başçısının tapşırığı ilə Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində aparıcı beynəlxalq ekspertlərin iştirakı ilə sübutların toplanması üzrə böyük iş görülüb. Ərizəçilərin vəkillərinin lazımi materialları toplamaq imkanları olmadığından əsas sənədlərin hamısı Azərbaycan hökuməti tərəfindən toplanaraq Avropa Məhkəməsinə təqdim edildi.

- Avropa məhkəməsinin qərarlarında hansı məsələlərə toxunulub?

- 2012-ci il yanvarın 9-da Avropa Məhkəməsi tərəfindən qəbul edilən qərar müvəqqəti xarakter daşıyır. Qeyd etdiyim kimi, Avropa Məhkəməsi mövcud mərhələdə yalnız şikayətlərin məqbul olması məsələlərini nəzərdən keçirdi. İşin mətləbi və İnsan Hüquqları Konvensiyası pozuntularını müəyyən etmək üçün əsas əhəmiyyətli məsələlərə növbəti mərhələdə baxılacaq.

Qeyd etmək istəyirəm ki, hüququ nəticələrdən savayı, hər iki qərarda faktın ifadəsi, yəni işin fabulası (məzmunu) vacibdir.
Qərarlarda göstərilir ki, hərbi əməliyyatlar nəticəsində ermənilər təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini deyil, həm də Muxtar Vilayətin ərazisini iki dəfə üstələyən yeddi ətraf rayonu işğal ediblər. Təxminən 800 min azərbaycanlı və erməni millətindən olmayan digər şəxslər yaşayış yerlərini tərk ediblər və məcburi köçkün olublar. Məhkəmə qeyd edib ki, bu gün işğal edilmiş ərazilərdə azərbaycanlı yaşamır.

Yenə də təkrar edirəm ki, yurisdiksiya məsələsi, yəni azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistan Respublikasının nəzərdə tutulan məsuliyyəti növbəti mərhələdə həll ediləcək. Azərbaycan tərəfi, Avropa Məhkəməsinin dili ilə desək, qondarma "Dağlıq Qarabağ Respublikası"nın Yerevana tabe olan "hesabat verən yerli idarə" olduğunu göstərən açıq və birbaşa sübutlar təqdim edib. Fikirləşirəm ki, bu sübutlar azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyətini etiraf etməsi üçün olduqca tutarlıdır.

Sarqsyanın Azərbaycana qarşı şikayətinin məqbul olması haqqında digər qərar da heç də az maraqlı deyil.
Şikayətdə Çıraqov və digərlərinin Ermənistana qarşı şikayətlərində olan məsələlər qaldırılır. Bununla yanaşı, şikayətdə guya Azərbaycan ərazisində erməni qəbiristanlıqlarının dağıdılması haqqında məsələ qaldırılıb. Lakin şikayətin bu hissəsinin başlanğıcdan heç bir perspektivi olmayıb və təəccüblü deyil ki, Avropa Məhkəməsi onu geri qaytararaq qeyd edib ki, iddia qaldıran onun Konvensiyanın pozulması "qurbanı" kimi tanınmasını tələb etmək üçün heç bir hüquqa malik deyil.

İş üzrə erməni şikayətinin baxılması zamanı məhkəmə ilk növbədə yurisdiksiya məsələsini və ya başqa sözlə desək, Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının nəzərdə tutulan pozuntularına qarşı məsuliyyətini həll etməlidir. Azərbaycan hökuməti Avropa Məhkəməsində bəyan edib ki, Gülüstan kəndi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yerləşir, bu sahədə erməni tərəfi mütəmadi olaraq, atəşkəs rejimini pozur və buna görə də Azərbaycanın bu ərazidə Konvensiyanın qanunlarının yerinə yetirilməsini təmin etmək imkanı yoxdur və müvafiq olaraq, buna görə məsuliyyət daşımır.

Görünür, erməni tərəfi bu arqumentin tutarlılığını hiss edib və buna görə də biz son bir neçə ay ərzində bu ərazidə atəşkəs rejiminin pozulması haqqında hər hansı bir məlumatın daxil olmamasını müşahidə edə bilərik.

İstənilən halda, bizi Ermənistan tərəfindən hərbi təcavüz və torpaqlarımızın işğal edilməsi haqqında gələcəkdə də hüquqi sübutların toplanması üzrə daha çox iş gözləyir. Biz məhkəmədə haqlı olduğumuzu sübut etməliyik və məcburi köçkünlərin öz evlərinə qayıtmaları hüquqlarının müdafiəsi işində öz töhfəmizi verməliyik. Bundan başqa, bu işin əhəmiyyətli nəticələrindən biri Azərbaycan torpaqlarının beşdə bir hissəsini Ermənistanın işğal etməsi faktının ilk dəfə beynəlxalq məhkəmə tərəfindən tanınması ola bilər.

Xəbər lenti

Xəbər lenti