Azərbaycan, Bakı, 18 yanvar / Trend /
Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərginin açılışı olmuşdur. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin sırasına daha biri əlavə olunmuşdur. Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə təşkil edilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində mədəniyyətimizin təbliğini prioritet istiqamətlərdən biri seçdiklərini bir daha təsdiqləmişdir. Bu sərginin ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru isə Erve Mikaelofdur. Simon de Püri və Erve Mikaelof dünya incəsənət aləmində məşhur şəxslərdir.
"Phillips de Pury & Company" şirkətinin rəhbəri Simon de Püri demişdir ki, ötən ilin yayında həyat yoldaşı ilk dəfə Bakıya səfər edib. Səfər zamanı Azərbaycan rəssamlarının əsərlərinin rəngarəngliyi və həyat ehtirası, keyfiyyəti və orijinallığı onu heyran qoyub. Nəticədə bu sərgini keçirmək qərarına gəlib. Qeyd edək ki, Erve Mikaelof bir sıra nüfuzlu şirkətlərlə iş birliyi qurub və çox sayda dünyaca məşhur layihələrin müəllifidir.
London elitasının üzvlərinin qatıldığı bu sərgi Britaniya paytaxtında Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdirir. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak etdiyi "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir.
Sərginin açılışında çıxış edən "Phillips de Pury & Company" şirkətinin rəhbəri Simon de Püri belə möhtəşəm tədbirin məhz onun qalereyasında keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirmişdir ki, bu cür tədbiri məhz Londonda keçirmək çox əlamətdar hadisədir.
Simon de Püri sərginin təşkilində Heydər Əliyev Fondunun dəstəyinə görə minnətdarlığını bildirmiş, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək sərginin əhəmiyyətindən danışmışdır. Leyla Əliyeva demişdir ki, burada sərgilənən dinamizm və yaradıcılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. İndi Azərbaycan misli görünməmiş dirçəliş dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində də göstərir.
Keçən il müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd olunduğunu deyən Leyla Əliyeva Azərbaycanın qədim tarixi olduğunu vurğuladı. Qeyd etdi ki, 1918-ci ildə müsəlman Şərqində qadınlara səsvermə hüququ Azərbaycanda verilmiş, 1901-ci ildə ölkəmizdə müsəlman qızlar üçün ilk məktəb tikilmiş, Şərqin ilk operası və baleti məhz bizim ölkədə səhnələşdirilmişdir. "Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik və bu gün də bu fəlsəfəni davam etdiririk", - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti ötən il "Eurovision"nun qalibi olan Azərbaycanın bu müsabiqəni qəbul etməyi səbirsizliklə gözlədiyini vurğuladı.
"Lakin müasir Bakı təkcə musiqi qələbəsinin bayram etmir", - deyən Leyla Əliyeva qeyd etmişdir ki, Bakıda gəzərkən küçələr boyu siz ətrafınızda sürətli inkişafın şahidi ola bilərsiniz. Zaha Hadidin şah əsərindən tutmuş yeni dükanlar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilindəki bulvaradək. Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özünü təkcə Qız Qalasında göstərən köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız arxitekturası əsasında tikilmiş evləri əks etdirir. İncəsənət mənim həvəslə yanaşdığım sahədir. İstər gənc yaşlarımda Londondakı Teyt muzeyini gəzərək, istərsə də Bakıda Müasir İncəsənət Muzeyində sərgilənən əsərləri təhlil edərək ömrüm boyu mən müasir incəsənəti tədqiq etməkdən zövq almışam. Mən özüm də rəsm çəkməyi sevirəm və həmişə ürəklərini və ruhlarını yaratdıqları əsərə qoyan rəssamlara pərəstiş etmişəm. Buna görə də mən bu möhtəşəm əsərlərin yanvarın sonunadək Londonda, daha sonra isə bütün Avropada beynəlxalq auditoriyaya sərgilənməsinin bir hissəsi olmağımdan çox həyəcanlıyam. Burada görəcəyiniz əsərlərin bir çoxu həm gənc, eyni zamanda, məşhur rəssamların işləridir, çoxu məhz bu sərgi üçün yaradılıb, buna görə də ilk dəfə sərgilənirlər. Odur ki, Azərbaycanın hər bir yanından 21 rəssamın yüzlərlə əsərinin burada sərgilənməsindən dərin qürur hiss keçirirəm və yəqin razılaşarsınız ki, bu gün Bakıda necə də canlı, müasir incəsənət səhnəsi dünyası mövcuddur.
Leyla Əliyeva bu sərginin keçirildiyi qalereyanın fenomenal məkan kimi xarakterizə edərək "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin Londonda açılmasından məmnunluğunu ifadə etdi.
Daha sonra çıxış edən sərginin kuratoru Erve Mikaelof bildirmişdir ki, sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. O qeyd etmişdir ki, Azərbaycan incəsənətinin dərin tarixi kökləri var və belə tədbirlər onu dünyada daha yaxşı tanıtmağa xidmət edir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olmuşlar.
Qonaqlar gənc rəssam Əli Həsənovun müəllifi olduğu performansı izləmişlər. Təqdimatın məğzi insan həyatından bəhs edir. Rəssam nümayiş etdirir ki, insan doğulandan ölənədək həyatın əziyyətlərinə qatlaşmalı olur.
Əlamətdar haldır ki, sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı vardır. Londonda keçirilən sərgiyə fəal hazırlaşan Leyla Əliyevanın burada bir neçə əsəri təqdim edilir. Leyla Əliyevanın çəkdiyi müxtəlif nağıl qəhrəmanlarının illüstrasiyaları maraqla qarşılanmışdır. Onu da deyək ki, bu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək "Biri var idi, biri yox" nağıl kitabında istifadə ediləcəkdir. Leyla Əliyevanın müəllifi olduğu "Nar", "Nar ağacı", "Həyat davam edir" və digər rəsm əsərləri də orijinallığı ilə tamaşaçıların sərin marağına səbəb olmuşdur.
Sərgidə bir çox gənc rəssamlarla yanaşı, Aida Mahmudovanın əsəri də bənzərsizliyi və üslubu ilə tamaşaçıları özünə cəlb etmişdir. Bu əsər də ideyasının və təsvir üslubunun orijinallığı ilə seçilir.
Sərgidə tanınmış rəssamlar Altay Sadıqzadənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalovun, ümumiyyətlə, 21 müəllifin boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında bir-birindən maraqlı əsərləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə diqqət çəkir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqəti çəkir. Sərgiyə qatılanlar sırasında müxtəlif illərdə Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamların həmçinin, xarici ölkələrdə yaşayan gənc rəssamların, həmçinin, əsərləri beynəlxalq nüfuzlu tədbirlərdə sərgilənən incəsənət adamlarının adları vardır. Sərgidə nümayiş olunan əsərlər bir daha sübut edir ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişmişdir. Heç şübhəsiz ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı çox sayda uğurlu layihələri də dayanır. Azərbaycan dünya incəsənətinə əvəzsiz töhfələr vermişdir. Ölkəmizin təbliği baxımından bu cür mərasimlərin təşkil edilməsi çox əlamətdar hadisə olmaqla yanaşı, həm də gənc azərbaycanlı rəssamların dünyaya tanıdılmasında da müstəsna rol oynayır. Şübhəsiz ki, bu sərgidə azərbaycanlı müəlliflərin işləri sərgiyə gələnlərin əksəriyyətində müxtəlif hisslər oyadaraq, insan qəlbinin ən incə tellərinə toxunur. Londonda keçirilən sərgiyə çox ciddi hazırlıq işləri görülüb. Çünki bu, miqyasına və mövzusuna görə çox böyük sərgidir.
Tədbir zamanı qonaqlara "Bakı" jurnalının ingilisdilli versiyasının növbəti sayı paylanmışdır.
Burada nümayiş olunan əsərlərə ilk gündən göstərilən böyük maraq deməyə əsas verir ki, yanvarın 17-dən 29-dək keçiriləcək sərgi uğurlu olacaq və London ictimaiyyəti arasında geniş əks-səda doğuracaq.
Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də onu nümayiş etdirdi ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara böyük diqqət göstərilir, ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm surətdə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır.
Beləliklə, İngiltərə paytaxtında təşkil edilən sərgi Azərbaycan mədəniyyətinin bənzərsizliyimizin nümayişi üçün daha bir imkan oldu. Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.