...

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Küveytdə yad edilib

Siyasət Materials 19 Yanvar 2012 17:41 (UTC +04:00)
Yanvarın 19-da Azərbaycanın Küveytdəki səfirliyində 1990-cı il qanlı yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Küveytdə yad edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/

Yanvarın 19-da Azərbaycanın Küveytdəki səfirliyində 1990-cı il qanlı yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirə Küveytdə yaşayan həmvətənlərimiz, o cümlədən "Vətənsevər" Dostluq Cəmiyyətinin nümayəndələri, həmçinin, ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla anılıb.

Tədbirdə 22 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdikləri bildirilib, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunduğuna baxmayaraq, bunun Azərbaycan xalqının azadlıq hərəkatını və xalqın mətin iradəsini qıra bilmədiyi xüsusi vurğulanıb.

Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Moskva şəhərindəki Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd olunaraq, 20 Yanvar faciəsinə məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə araşdırılıb hüquqi-siyasi qiymət verildiyi bildirilib.

Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 yanvar fotosərgisi ilə tanış olub, qanlı faciə barədə çəkilən sənədli filmi seyr ediblər.

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə ərəb dilində dərc edilmiş "20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi" adlı jurnal və ərəb dilində 20 Yanvar faciəsinə həsr olunan sənədli filmin DVD-si tədbir iştirakçılarına təqdim olunub.

Eyni zamanda, 1990-cı il qanlı yanvar faciəsi Küveyt KİV-ində geniş şəkildə işıqlandırılıb. Belə ki, qeyd olunan hadisə ilə bağlı müfəssəl məqalə çoxsaylı oxucu kütləsinə malik "Əl-Vasat" qəzetində dərc edilib.

Xəbər lenti

Xəbər lenti