...

Əli Əhmədov: Kiberhücumların təşkili dövlətlər arasında etimadın üzərinə kölgə salır

Siyasət Materials 24 Yanvar 2012 15:39 (UTC +04:00)
Kiberhücumların təşkil edilməsi dövlətlər arasında qarşılıqlı etimadın üzərinə ciddi kölgə salır.
Əli Əhmədov: Kiberhücumların təşkili dövlətlər arasında etimadın üzərinə kölgə salır

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Kiberhücumların təşkil edilməsi dövlətlər arasında qarşılıqlı etimadın üzərinə ciddi kölgə salır. Bunu çərşənbə axşamı Trend-ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"Artıq rəsmi şəkildə bu yaxınlarda Azərbaycan saytlarına olunan kiberhücumların arxasında dayanan qüvvələr məlum olub. Təəssüf ki, bu üsullarla Azərbaycana qarşı hər hansı təzyiqlər edilməsinə cəhdlər göstərilir. Belə cəhdlərin edilməsi tamamilə əbəsdir və həmin şəxslər öz məqsədlərinə nail ola bilməz", - Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinə bu şəkildə təhdidlərlə təsir etmək mümkün deyil.

"Lakin istər-istəməz bu hücumlar əks-hücumlar üçün əsaslar yaratmış olur. Bunun qarşısı alınmasa, qarşılıqlı razılaşmalara əsasən bu cür səylərə son qoyulmasa, bütün dünyanı elektron müharibələr bürüyəcək", - partiyanın sədr müavini deyib.

Onun sözlərinə görə, müasir dövrün çox mühüm çağırışlarından biri də kiberhücumlardır. Bu istiqamətdə bir çox dövlətlər layihələr həyata keçirməyə başlayıblar.

Eyni zamanda, Əhmədov qeyd edib ki, Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar səylər artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın internet saytları daha etibarlı müdafiə olunmağa hazır olmalıdırlar.

Qeyd edək ki, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən həftə bildirmişdi ki, qurumun apardığı araşdırmalarla müəyyən olunub ki, həyata keçirilən hücumların 24-ü İrandan, 1-i isə Niderlanddan baş tutub.

Haker hücumu yanvarın 16-da həyata keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş verib.

Xəbər lenti

Xəbər lenti