...

Azərbaycan birmənalı şəkildə Türkiyəni dəstəkləyir - deputat

Siyasət Materials 30 Yanvar 2012 13:40 (UTC +04:00)
Azərbaycan birmənalı şəkildə qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun Fransa parlamentində qəbul olunmasının əleyhinədir.
Azərbaycan birmənalı şəkildə Türkiyəni dəstəkləyir - deputat

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan birmənalı şəkildə qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun Fransa parlamentində qəbul olunmasının əleyhinədir.

"Tək Azərbaycan iqtidarı yox, bütün Azərbaycan xalqı birmənalı şəkildə bu məsələnin ciddi şəkildə əleyhinədir, günün gerçəkliyi ilə, demokratiya ilə bir araya sığmayan bu qanun layihəsinin qəbulu ilə bağlı bir mövqedən çıxış edir və Türkiyəni birmənalı şəkildə dəstəkləyir", - bazar ertəsi Trend-ə Türkiyənin bəzi KİV-lərində gedən qeyri-obyektiv yazılara münasibət bildirərkən millət vəkili Bəxtiyar Sadıqov deyib.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqelərdən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyasını kiçiltməyə cəhd edib və Azərbaycanı heç bir reaksiya verməməkdə günahlandırır.

Sadıqov qeyd edib ki, bu məsələdə iki qardaş ölkə öz işlərini, fəaliyyətlərini uzlaşdırıb, insan haqlarına, sərbəst düşüncəyə qarşı qəbul olunmuş bu qanuna birgə etiraz nümayiş etdirir.

"Bu qanunla bağlı Milli Məclisin bəyanatı oldu. Deputatlar Milli Məclisdə öz mövqelərini ortaya qoydular, Fransa parlamentinin insan haqlarına zidd bu addımını tənqid etdilər. Azərbaycanın vətəndaş cəmiyyəti də bu məsələdə fəallıq göstərir. Fransa səfirliyi qarşısında müxtəlif qrup insanlar, gənclər, ayrı-ayrı qeyri-hökumət təşkilatları etiraz aksiyaları keçirib, öz etirazlarını bildiriblər", - Sadıqov deyib.

O, qeyd edib ki, bundan sonrakı addımlar da müəyyənləşdirilib. Azərbaycan deputatları bu məsələni AŞPA-da da qaldırıblar Hətta onlar bu qanunun Fransada yaşayan türkiyəli miqrantlara şamil olunmaması ilə bağlı müzakirə olunmuş başqa bir qanunda dəyişikliyə nail olublar.

"Burada da Türkiyə və Azərbaycanın millət vəkilləri bir platformadan çıxış ediblər. Bundan sonrakı addımlar da uzlaşdırılacaq. Türkiyə və Azərbaycan iqtidarı, xalqı, diasporu bütün qüvvələrini birləşdirərək bu qanunu tənqid edirlər və çalışırlar ki, bu qanun ləğv edilsin", - Sadıqov bildirib.

O, vurğulayıb ki, belə halda bu birliyi, bu birgə etirazı, Azərbaycan tərəfindən Türkiyənin müdafiəsinə yönəldilən addımları görməmək, buna qarşı hansısa bir mətbuat orqanında materiallar vermək Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını, birgə fəaliyyətini istəməyən qüvvələrin işidir.

"Bu qüvvələr tək Azərbaycanın yox, Türkiyənin də inkişafını, nüfuzunun artmasını istəməyənlərdir. Mənə elə gəlir ki, belələrinə əhəmiyyət verməmək lazımdır, çünki gerçəklik başqa şeydir. O insan ki, gerçəkliyi görmür, eləsinə baş qoşmağa ehtiyac yoxdur", - millət vəkili bildirib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti