Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda bəzi insanlar var ki, ziyalı adını alver predmetinə çevirməyə çalışırlar. Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.
"Hesab edirəm ki, bu gün ziyalı adını, ziyalı sözünü istismar etmək olmaz. Ziyalılıq anlayışı kiminsə elmi dərəcə alması ilə, hansısa sahənin alimliyi ilə ölçülmür. Vaxtilə dövrünün ziyalı insanları olub ki, onlar heç ali savada malik olmayıblar. Amma həmin insanlar öz tövsiyələri və nəsihətləri ilə xalqa düz yol göstəriblər", - Novduzov qeyd edib.
Onun fikrincə, bu baxımdan kimsə öz elmi dərəcəsini ziyalılıq kimi təqdim edirsə, səhvə yol verir.
"O ki, qaldı mənim fikirlərimin həmin insanlar tərəfindən fərqli istiqamətlərə yozulmasına, onlar hətta bu fikirləri təhrif edirlər. Mən deməmişəm ki, Rafiq Əliyev Əbdürrəhman Vəzirovla işlədiyi üçün ziyalı hesab oluna bilməz. Mən demişəm ki, ziyalı olan şəxs Əbdürrəhman Vəzirovla bir yerdə çalışmaz və onun ideoloji katibi olmaz. Əgər Rafiq Əliyev həqiqətən də ziyalı idisə, nə üçün Əbdürrəhman Vəzirovun Azərbaycanın milli azadlıq hərəkatının dağıdılması, fövqəladə vəziyyətin, komendant saatının yaradılması istiqamətindəki fəaliyyətinə mane olmurdu, niyə öz təklifləri ilə bunun qarşısını almağa çalışmırdı? Axı bu milli azadlıq hərəkatı Azərbaycanın müstəqilliyi və Dağlıq Qarabağda baş verən hadisələrin qarşısının alınmasına yönəlmişdi. Digər bir tərəfdən, o zamanlar Vəzirov Qərbi Azərbaycandan çıxarılan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməsinin qarşısını kəskin şəkildə alanda, nə üçün Rafiq Əliyev buna etiraz etmirdi? Ziyalı olan şəxs məsələ qaldırmalı idi ki, biz Dağlıq Qarabağda azərbaycanlıların sayını artırmalıyıq", - YAP funksioneri müsahibəsində bildirib.
Eldar Namazovun onu məntiqsizlikdə ittiham etməsinə münasibət bildirən Novruzov qeyd edib ki, bu gün Siyavuş Novruzovun məntiqi var.
"Çünki mən öz adımdan danışıram, başqalarının adından danışmıram. Azacıq savadı, qabiliyyəti, bacarığı olan insan öz adından danışar, başqalarının adını istismar etməz. Amma ziyalı adı ilə manipulyasiya etməyə çalışanlar deyəsən, cəmi iki məntiq tanıyır - Aristotel və Lütfi Zadə məntiqi. Dünyada Kant, Feyerbax, Kanfutsi məntiqi var və insanlar bu məntiqlərdən də istifadə edirlər. Lütfi Zadə dəfələrlə elan edib ki, onun adından istifadə etməsinlər. Amma bunlar tutuquşu kimi bir şeyi tutub buraxmırlar. Lütfi Zadə Rafiq Əliyev haqqında deyib ki, o yaxşı alimdir. Lütfi Zadə böyük alimdir, hər bir azərbaycanlı onunla fəxr edir. Onun adından sui-istifadə etmək olmaz. Eldar Namazovun öz adı varsa, öz adından və öz məntiqindən istifadə etsin, onun-bunun məntiqindən və adından istifadə etməsin. Axı Azərbaycan cəmiyyəti bilir ki, Eldar Namazovun nə məntiqi, nə də məntiqlə bağlı hər hansı bir prinsipial mövqeyi var. Hər 6 aydan bir mövqeyini dəyişən insan hər hansı bir məntiqə əsaslana bilməz", - Novruzov deyib.
O qeyd edib ki, bəziləri var ki, adını vəkil qoyub, amma vəkillik tamam başqa bir institutdur.
"Məsələn, mən 12 ildir ki, millətimin vəkiliyəm və bununla da fəxr edirəm. Vəkillik peşəsi çox gözəl bir peşədir. Amma ayrı-ayrı idarə və müəssisələrdə işləyib, rüşvət üstündə, oğurluq üstündə qovulub sonradan vəkillik peşəsini seçmək, dəllalıqdır. Aslan İsmayılov bu gün vəkilliklə yox, dəllallıqla məşğuldur. İkincisi, Aslan İsmayılov özünün sicilləmə şəcərəsini təqdim edib ki, istənilən universitetdə oxuyan III-IV kurs tələbələrinin o cür diplomları yüzlərlədir. Haradasa kompüter kursunu bitirib, haradasa mühazirəyə qulaq asıb, çıxış etmək diplom almaqdırmı? Mən belə şeyləri tərəzinin gözünə qoysam, Aslan İsmayılovdan iki dəfə ağır gələr və çox olar. Çünki onun dediyi yolları mən 1995-ci ildə keçmişəm. Aslan İsmayılov mənim keçdiyim yolların heç 10 faizini keçməyib", - Novruzov deyib.
Qeyd edək ki, bir müddət öncə Novruzov Ziyalılar Forumunun ünvanına ittihamlar səsləndirdikdən sonra qurumda təmsil olunan bəziləri onun ünvanına ittiham səsləndirib.