Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbirlər A.Bədəlova, E.Tariverdiyeva/
Yanvarın sonunda Fransa Senatının qəbul etdiyi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun ləğv ediləcəyinə yaxşı şans var. Bu barədə cümə axşamı Azərbaycana səfəri zamanı Senatın Beynəlxalq işlər komissiyasının üzvü Natali Qule Trend-ə müsahibəsində deyib.
Fransalı parlamentarilər qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsulliyyətini nəzərdə tutan qanun layihəsinin ləğv edilməsi tələbi ilə ölkənin Ali Konstitusiya Şurasına müraciət ediblər. Şura Fransa parlamentinin hər iki palatasının qəbul etdiyi qanun layihəsi haqqında məsələni öyrənməlidir. Bir çoxları qanun layihəsini konstitusiya və azad düşüncə ifadəsinin pozulması kimi qiymətləndirirlər.
Müxtəlif siyasi qüvvələrdən təxminən 77 senator məhkəməyə müraciət ünvanlayıb. Aşağı palatanın daha 65 deputatı apelyasiyaya razı olub.
Qulenin sözlərinə görə, bu qanunla bağlı Ali Məhkəmənin qərarı ayın sonunda qəbul edilməlidir.
Qule hesab edir ki, Fransa Senatı tərəfindən qanunun qəbulu Fransada yaşayan erməni lobbisinin təsirinin nəticəsi olub və söz azadlığına ziddir.
"Ali Məhkəməyə edilən şikayətin arqumentlərindən biri də söz azadlığı məsələsidir", - o qeyd edib.
Konstitusiya Şurası 11 üzvdən ibarətdir. Şuraya Prezident, Senat və Milli Yığıncağın rəhbərləri tərəfindən təyin edilən keçmiş prezidentlər və digər şəxslər daxildir. Əgər Şura təyin etsə ki, qanunda Konstitusiyaya zidd hallar var, o zaman qanunun ratifikasiyasına icazə və ya bəyənmə yalnız Konstitusiyaya dəyişikliklərdən sonra verilə bilər. Onlar bütün dövlət hakimiyyəti, eləcə də bütün inzibati və ədliyyə orqanları üçün məcbiridir.
Azərbaycan və Fransa arasında əməkdaşlıq haqqında danışan Qule qeyd edib ki, ölkələr münasibətlərin çox yaxşı səviyyəsinə çatıblar.
O vurğulayıb ki, Fransanın Azərbaycana münasibətdə rəsmi mövqeyi aydındır və bunu dəyişdirməyə heç bir vasitə yoxdur.
Qulenin sözlərinə görə, Fransa qaçqınların vətənə qayıtmasını və erməni qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını, habelə ölkənin bütövlüyünün bərpa edilməsini dəstəkləyir.
"Burada şübhəyə yer yoxdur. Bu mövqeni heç bir qanun dəyişdirə bilməz", - o bildirib.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.
Gözlənilir ki, apreldə "erməni soyqırımı"nın ildönümü ilə əlaqədar olaraq, erməni lobbisi dünya parlamentlərində, xüsusən də ABŞ Konqresində fəaliyyətini gücləndirəcək.