Təfərrüatlar əlavə olunub
Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir M.Əliyev/
Azərbaycan heç bir terror təşkilatı ilə və yaxud hansısa şəkildə insanlığa qarşı çıxış edən təşkilatlarla əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bəyanatların heç bir real əsası yoxdur və heç bəlli də deyil ki, Azərbaycanı nədə günahlandırırlar. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Azərbaycanın xarici təşkilatlarla, xarici ölkələrin bu və ya digər orqanları ilə münasibətlərində mütləq şəkildə qonşu ölkələrin maraqları nəzərə alınır", - Həsənov bildirib.
Həsənov bildirib ki, Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir.
"Açıq demokratik ölkə kimi bizə istənilən ölkənin vətəndaşları gəlir, viza rejiminə müvafiq olaraq keçir və yaxud da burada yaşayır və bunların hamısı qanunla müəyyən olunur. Ona görə də İranın bu açıqlamasının heç bir əsası yoxdur", - Həsənov əlavə edib.
Onun sözlərinə görə, İran mövcud vəziyyətində qonşularla münasibətlərdə bir az ehtiyatlı olmalıdır, belə məsələlərdə qonşularla kifayət qədər diplomatik, qanunlara, qonşuluq münasibətlərinə müvafiq hərəkət etməlidir.