...

İranda hazırkı deputatlardan 33-nün namizədliyi təsdiqlənməyib

Siyasət Materials 20 Fevral 2012 15:27 (UTC +04:00)
İranda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyini irəli sürmüş 33 deputatın namizədliyi təsdiq olunmayıb və onların adı gələcək seçki siyahısına salınmayıb.
İranda hazırkı deputatlardan 33-nün namizədliyi təsdiqlənməyib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir T.Cəfərov/

İranda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyini irəli sürmüş 33 deputatın namizədliyi təsdiq olunmayıb və onların adı gələcək seçki siyahısına salınmayıb. Bunu İranın Seçkilər Təşkilatının rəhbəri Sulət Mürtəzəvi bazar ertəsi jurnalistlərə açıqlamasında deyib. Bu barədə Trend "Fars" xəbər agentliyinə istinadən məlumat verir.

Mürtəzəvi deyib ki, 5395 nəfər gələcək parlament seçkilərində namizədliyini irəli sürmüşdü ki, onlardan indiyədək 3299 nəfərin adı seçki siyahısına salınıb.

O əlavə edib ki, millət vəkillərindən 261-i martın 2-də keçiriləcək IX çağırış parlament seçkilərinə namizədliyini irəli sürmişdi.

2012-ci il mart ayının 2-də keçiriləcək İranda IX çağırış parlament seçkilərinə namizədlərin qeydiyyatına dekabrın 24-dən start verilib. Namizədlərin qeydiyyatı bir həftə davam edib. İranın seçki qanunvericiliyinə uyğun olaraq, namizədlərin seçkilərdə iştirak edib-etməməsi ilə bağlı yekun qərarı Nəzarət Şurası verir.

İran KİV-lərinin məlumatına görə, Nəzarət Şurası fevralın 21-də seçki siyahısına salınmış namizədlərini adlarını açıqlayacaq.

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar jurnalistlərə açıqlamasında deyib ki, martın 2-də keçiriləcək IX çağırış parlament seçkilərində 48 200 000 nəfərin səsvermə hüququ var.

Nəccar deyib ki, adları siyahıda olan namizədlər fevralın 23-dən seçkiqabağı təbliğat kampaniyalarına başlaya bilərlər.

Namizədlər fevralın 29-u axşamadək təbliğat aparmaq hüququna malikdirlər.

İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkiləri dörd ildən bir keçirilir. İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisdə hazırda 290 deputat var.

Xəbər lenti

Xəbər lenti