...

Ramin Məmmədov: Azərbaycan gəncliyi vahid bir təşkilat çərçivəsində birləşməklə əlavə bir resurs qazanıb

Siyasət Materials 13 Mart 2012 17:31 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünya azərbaycanlı gənclər üçün xüsusi bir imkandır.
Ramin Məmmədov: Azərbaycan gəncliyi vahid bir təşkilat çərçivəsində birləşməklə əlavə bir resurs qazanıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünya azərbaycanlı gənclər üçün xüsusi bir imkandır. Bunu çərşənbə günü Trend-ə Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov deyib.

"Bu qurumun yaradılması dünya azərbaycanlı gənclər üçün xüsusi bir imkandır, çünki dünyanın hansı ölkəsində, coğrafi noqteyi-nəzərdən harada yaşamasından asılı olmayaraq, bu gün Azərbaycan gəncliyi vahid bir təşkilat çərçivəsində birləşir, vahid bir mərkəzdən layihələrin, ideyaların həyata keçirilməsi üçün əlavə bir dəstək, əlavə bir resurs qazanır", - Məmmədov bildirib.

Qeyd edək ki, martın 12-də Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib. Qurultayda Ramin Məmmədov Birliyin sədri seçilib. Həmçinin qurultay zamanı Birliyin qətnaməsi, nizamnaməsi və digər sənədlər qəbul olunub.

Məmmədov qeyd edib ki, son illərdə həm gənclər siyasəti istiqamətində, həm də diaspor quruculuğu istiqamətində çox ciddi addımlar atılıb.

"Dövlət proqramlarının icrası, xaricdə təhsillə bağlı xüsusi dövlət proqramlarının həyata keçirilməsi, müxtəlif ölkələrdə diaspor təşkilatlarımızın işinin daha mütəşəkkil qurulması, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ona əsas verdi ki, Azərbaycan gəncliyi Azərbaycanda və ya xaricdə olmasından asılı olmayaraq vahid bir qurum çərçivəsində öz fəaliyyətini qura bildi", - Məmmədov deyib.

O vurğulayıb ki, bu, çox önəmli bir məqamdır və bu məqamın önəmliliyi qarşıdakı illərdə özünü daha aydın şəkildə büruzə verəcək.

Birliyin gələcək fəaliyyəti barədə danışan Məmmədov bildirib ki, təşkilat daha çox interaktiv bir qurum olacaq.

"Bu gün artıq geniş bir şəkildə müasir informasiya-kommunikasiya texnologiyaları istifadə edilməkdədir və biz güman edirik ki, yaratdığımız bu gənclər birliyi daha çox interaktiv bir birlik olacaq", - Birliyin sədri deyib.

O vurğulayıb ki, gənclər təşkilatlarının aralarında olan coğrafi məsafələr çox böyükdür və bu məsafələri qısaltmaq məqsədi ilə hər bir gəncin eyni vaxtda, eyni anda informasiya əldə etməsi üçün Birlik daha çox interaktiv olmalıdır.

"Əsas istiqamətlərdən biri də xaricdə və Azərbaycanda fəaliyyət göstərən gənclər birlikləri arasında əlaqələrin gücləndirilməsi, normal, sağlam iş şəraitinin qurulmasından ibarətdir. Bunun üçün son illərdə həyata keçirilən layihələr nəticəsində vətənpərvər və yüksək səviyyədə təhsil almış gənclərimiz var", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti