...

Argentina Senatı ölkənin Azərbaycanda səfirliyinin təsis edilməsi barədə bəyanat yayıb

Siyasət Materials 19 Mart 2012 10:35 (UTC +04:00)
Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul edib.
Argentina Senatı ölkənin Azərbaycanda səfirliyinin təsis edilməsi barədə bəyanat yayıb

Azərbaycan, Bakı, 19 mart / Trend, müxbir S.Ağayeva /

Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul edib.

Sənədin müəllifi Senatda Azərbaycanla dostluq qrupunun sədri senator Pablo Veranidir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Buenos-Ayresdəki səfirliyinin məlumatında deyilir.

Sənəddə deyilir ki, Argentina 9 mart 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və həmin vaxtdan etibarən iki ölkə dostluq əlaqələrinə və əməkdaşlığa malik olublar. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. 23 avqust 2011-ci il tarixində Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılıb.

Sənəddə vurğulanır ki, Azərbaycan və Argentina bir-birini tamamlayan imkanlara, xüsusilə də elm-texnologiya, enerji, kənd təsərrüfatı sahələrində geniş əməkdaşlıq potensialına malikdirlər. Hazırda iki ölkənin iqtisadi əlaqələrində nəzərə çarpan inkişaf müşahidə olunur və yalnız 2010-cu ildə ticarət dövriyyəsi 44 faiz artıb.

Sənəddə habelə qeyd olunur ki, geniş imkanlar vəd edən Azərbaycan-Argentina əməkdaşlığı hər iki ölkənin bir-birində diplomatik nümayəndəliyinin təsis etməsinə zəmin yaradıb. Məhz bu məqsədlə Azərbaycanın 2010-cu ildə Buenos-Ayresdə səfirliyi fəaliyyətə başlayıb və nəhayət bu il Argentina hökuməti də Bakıda səfirlik açmaq qərarına gəlib.

Sənədin yekununda Azərbaycan Respublikasında Argentinanın diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı 273/2012 saylı dekretin alqışlandığı bildirilir.

Xatırladaq ki, cari ilin 28 fevral tarixində Argentina Prezidenti Krisitna Fernandez de Kirçner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalayıb və 2 mart tarixində Azərbaycanda rəsmi səfərdə olmuş xarici işlər və etiqad naziri Hektor Timerman bu fərmanın surətini Azərbaycan hökumətinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti