...

Azərbaycanın enerji sahəsindəki təcrübəsi ABŞ-ın aparıcı universitetində müzakirə edilib

Siyasət Materials 24 Aprel 2012 07:30 (UTC +04:00)
ABŞ-ın Massaçusets ştatında yerləşən Tufts Universitetinin Diplomatiya və Hüquq üzrə Fletçer Mərkəzində keçirilmiş İllik Enerji Konfransında Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər diqqət mərkəzində olmuşdur.
Azərbaycanın enerji sahəsindəki təcrübəsi ABŞ-ın aparıcı universitetində müzakirə edilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

ABŞ-ın Massaçusets ştatında yerləşən Tufts Universitetinin Diplomatiya və Hüquq üzrə Fletçer Mərkəzində keçirilmiş İllik Enerji Konfransında Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər diqqət mərkəzində olmuşdur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfrans çərçivəsində "İnkişaf etməkdə olan dövlətlərdə artan enerji tələbatını qarşılanması: çağırışlar və imkanlar" başlıqlı seminarda çıxış edən səfir Elin Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu enerji siyasəti nəticəsində Azərbaycanın nəinki ölkədaxili, eləcə də regional inkişafı və inteqrasiyanı hədəfləyən layihələr həyata keçirdiyini və nəticədə Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş imicini qazandığını diqqətə çatdırmışdır.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda və regionda infrastrukturun inkişafı və iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verdiyini vurğulayaraq, gələcəkdə yeni texnologiyaların Azərbaycan iqtisadiyyatının böyük hissəsini təşkil etməsinə hesablanmış milli strategiyanın həyata keçirildiyini bildirmişdir.

Azərbaycanda neft və qaz sektorundan gələn gəlirlərin ölkənin gələcək inkişafına istiqamətlənmiş dövlət proqramları və layihələrə ayrılması barədə məlumatlar, eləcə də gəlirlərin idarə olunmasında Dövlət Neft Fondunun fəaliyyəti auditoriya iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Ekologiya, ətraf mühit və alternativ enerji mənbələri mövzusunun da müzakirə olunduğu seminarda səfir Azərbaycanda 2010-cu ildə Prezidentin sərəncamı ilə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsis edildiyini vurğulamışdır.

Tədbirdə iştirak edən BP-nin Vaşinqton Ofisinin Beynəlxalq əlaqələr bölməsinin baş direktoru Greg Saunders də Azərbaycanın enerji sahəsində və neftdən gələn gəlirlərin idarə olunması sahəsində zəngin təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirmiş və Azərbaycanın tərəfdaşları ilə əlaqələrini qarşılıqlı faydalı tərəfdaşlığa əsl nümunə olduğunu vurğulamışdır.

Qeyd edək ki, Diplomatiya və Hüquq üzrə Fletçer Mərkəzi ABŞ-da bu sahədə peşəkar kadrların təhsil aldığı aparıcı ali təhsil ocaqlarından biridir.

Xəbər lenti

Xəbər lenti