...

Azərbaycan Parlamenti Almaniya mətbuatında dərc olunan qeyri-obyektiv yazılara mövqeyini açıqlayıb

Siyasət Materials 1 May 2012 12:54 (UTC +04:00)
Azərbaycan deputatları Almaniyada dərc olunan qeyri-obyektiv yazılara münasibət bildirib.
Azərbaycan Parlamenti Almaniya mətbuatında dərc olunan qeyri-obyektiv yazılara mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan deputatları Almaniyada dərc olunan qeyri-obyektiv yazılara münasibət bildirib.

"Almaniya mətbuatında Azərbaycana qarşı gedən yazılara səthi yanaşılmamalıdır", - Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputat Azay Quliyev deyib.

"Bizim narazılığımız Almaniya dövlətinə, xalqına və hökumətinə qarşı deyil. Azərbaycan xalqının narazılığı Yaşıllar Fraksiyasının ölkəmizlə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatlar ilə bağlıdır", - deputat əlavə edib.

Quliyev bildirib ki, Azərbaycanla Almaniya dost və tərəfdaş ölkələrdir.

"İki ölkə arasında keçən il 2 milyard dollardan çox ticarət dövriyyəsi olub. Almaniya Bundestaqının 2009-cu ildə qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınıb", - millət vəkili deyib.

Onun sözlərinə görə, Almaniyanın bəzi media orqanlarında gedən qeyri-obyektiv yazılar Azərbaycanın imicinə xələl gətirmək naminə yazılır.

Deputat Çingiz Qənizadə isə çıxışında bildirib ki, Milli Məclisin üzvlərinin bu günlərdə Almaniyaya baş tutan səfəri zamanı bu məsələ müzakirə olunub və qeyd edilib ki, bu, Almaniya xalqının mövqeyi deyil.

Onun sözlərinə görə, bu dərclər Azərbaycanla Almaniya arasında münasibətlərə xələl gətirmək naminə edilir.

İclasda hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov çıxışında bildirib ki, Bakı şəhərinin yenidən qurulması ilə əlaqədar olaraq vətəndaşlar bəzi yararsız halda olan, insanın yaşaması üçün layiq olmayan evlərdən daha layiq olan yerlərə köçürülürlər.

"İnsanın yaşaması üçün yararlı olmayan evlərdən rahat evlərə köçürülməsi nə vaxtdan vətəndaşların evlərinin sökülməsi olub? Ona görə də Bakı şəhər İcra Hakimiyyətindən xahiş edirəm ki, yenidənqurma işləri ilə əlaqədar sökülən evlərin şəkilləri ilə, onların sahibklərinə verilən mənzillərin şəkillərini Almaniyanın Azərbaycandakı səfirliyinə göndərsin", - Əhmədov əlavə edib.

Spiker Oqtay Əsədov deyib ki, mənzil məsələsi və evlərin sökülməsi tamamilə şişirdilmiş bir məsələdir, sökülən mənzillərin sahiblərinə hər kvadrat metrə görə 1500 manat kompensasiya verilir.

"Hamımız Azərbaycanda yaşayırıq və bilirik ki, Bakı şəhərinin mərkəzində mənzilin kvadratı 1000-1200 manatadır. Yəni, kvadrat metri 600-800 manata ev almaq olar", - spiker əlavə edib.

Xəbər lenti

Xəbər lenti