...

Azərbaycan BMT TŞ-də terror mövzusunu müzakirəyə çıxaracaq

Siyasət Materials 1 May 2012 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sədrliyi dövründə terror mövzusunu müzakirəyə çıxaracaq.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gündən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bir ay müddətinə bu mötəbər quruma sədrlik edəcək. Sədrlik müddəti ərzində Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, o cümlədən, dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaq.

Məlumata görə, Təhlükəsizlik Şurasının sədri olaraq, terrordan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan "Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər" mövzusunda yüksək səviyyəli iclas keçirməyi planlaşdırır.

Bununla yanaşı, Azərbaycan Təhlükəsizlik Şurasındakı sədrliyi dövrü ərzində beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlərin müzakirələrə çıxarılması məqsədilə müxtəlif məsələlərlə bağlı iclasların keçirilməsini planlaşdırır.

Qeyd edək ki, Azərbaycan 24 oktyabr 2011-ci il tarixində böyük diplomatik uğura imza ataraq, BMT Təhlükəsizlik Şurasına 2012-2013 illər üçün qeyri-daimi üzv seçilib. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra ölkəmiz beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edə bilib.

Xəbər lenti

Xəbər lenti