Azərbaycan, Bakı, 14 may /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə Məmmədyarov Azərbaycanın əsasən region ölkələri ilə əməkdaşlığından söhbət açaraq, ölkəmizin regionun inkişafına verdiyi töhfə barədə qonağı məlumatlandırıb. Nazir iki ölkə arasında əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində, xanım Tsaçeva Azərbaycana səfər etməsindən məmnunluq duyduğunu ifadə edərək, ölkəmizdə gedən sürətli iqtisadi inkişafın şahidi olduğunu bildirib. Azərbaycanın ölkəsinə qarşı bəslədiyi dostluq münasibətlərini hər zaman hiss etdiklərini dilə gətirən Bolqarıstan rəsmisi, ikitərəfli əlaqələrdə əldə edilmiş nailiyyətlərdən razı qaldıqlarını vurğulayıb. Bununla yanaşı, Tsaçeva Bolqarıstan parlamentində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyinə həsr edilmiş sərginin keçirilməsinin nəzərdə tutulduğunu Məmmədyarovun diqqətinə çatdırıb.
Görüş zamanı Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq perspektivləri və müxtəlif sahələrdə, xüsusilə də iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.