Azərbaycan, Bakı, 16 may /Trend/
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 15-də Sen-Lui kilsəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında yenidən hakimiyyətə qayıdan, müasir milli dövlətimizin əsasını qoyan və insanların xatirəsində əbədi yaşayan ümummilli lider Heydər Əliyevin ölkədə qeyri-stabil, etniklərarası təzyiqlərin hökm sürdüyü çətin bir dövrdə Azərbaycanın suverenliyini qoruyub saxladığını, 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olduğunu diqqətə çatdırıb. Qısa bir zamanda ölkədə stabillik yaradan Heydər Əliyev ölkənin müstəqilliyinin qorunub saxlanılmasına, mühüm siyasi islahatlar həyata keçirməklə, Azərbaycanın nəinki regionda, həm də beynəlxalq aləmdə tanınmasına nail olub.
Səfir bildirib ki, Heydər Əliyev xarici investorları ölkəyə cəlb etməklə, zəngin neft və qazın xarici bazarlara çıxarılması ilə bağlı layihələrin gerçəkləşməsini reallaşdırmaqla Azərbaycanın gələcək iqtisadi yüksəlişinin bünövrəsini qoyub. Çoxları bu layihələrin həyata keçməsinə qarşı idilər. Amma ölkənin sonrakı inkişafı Heydər Əliyevin uğurlu siyasətçi olduğunu və uzaqgörənliyini bir daha təsdiq etmiş oldu.
Erməni hərbi qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik yeddi Azərbaycan rayonunun azad edilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində Heydər Əliyevin xidmətlərinə toxunan səfir ərazisinin 20 faizinin işğal altında qalmış, bir milyondan artıq qaçqın və məcburi kökünü olan Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün ulu öndərin gərgin fəaliyyət göstərdiyini xüsusi vurğulayıb.
Səfir faciəvi xarakter almış bu münaqişənin və onun nəticələrinin öz həllini gözlədiyini nəzərə çatdırıb, işğal altındakı ərazilərimizin tezliklə azad olunacağına, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini vurğulayıb. Diplomat bildirib ki, münaqişənin həlli Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edəcək, bölgənin bütün xalqları üçün yeni perspektivlər açacaq.
Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, yüksək rütbəli zabitlər, burada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, diasporumuzun təmsilçiləri və tələbələrimiz iştirak ediblər.
Sonda nəfəsli orkestrin müşayiəti ilə solistlər Floran Didiye və xalq Artist Murad Hüseynov trombonda və pianoda Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.