Azərbaycan, Bakı, 18 may / Trend müxbir K.Zərbalıyeva/
Bu ilin birinci rübündə güc strukturları ilə bağlanmış müqavilələr əsasında 75 adda müdafiə təyinatlı, 120 adda isə mülki təyinatlı məmulatın istehsalı həyata keçirilib.
Trend-in Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin tabeli müəssisələrində bu ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş səyyar kollegiya iclaslarında məlumat verilib.
Cari ilin birinci rübündə proqram əsasında yaradılma mövzuları üzrə nəzərdə tutulan 10 mərhələ yerinə yetirilib.
Həmin dövrdə məmulatların yaradılması üzrə 9 sınaq müvəffəqiyyətlə başa çatdırılıb, 4 məmulat isə silahlanmaya və seriyalı istehsala tövsiyə olunub.
Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birinci rübdə birlik və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları, ümumiyyətlə cari ildə görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Bu ilin İstehsal Proqramlarının və digər proqnoz tapşırıqların icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Kollegiya iclaslarında nazir hesabat dövrü ərzində tabeli birlik və müəssisələrdə görülmüş işlərin qənaətbəxş hesab olunduğunu bildirib.
Qeyd edib ki, kollektiv əldə olunmuş uğurlarla kifayətlənməməli, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi naminə respublikanın Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində nazirliyin qarşısında qoyulmuş mühüm vəzifələrin icrası üçün bundan sonra da bütün gücünü səfərbər etməlidir.