...

Yerevanda Azərbaycanın mövqeyi qarşı tərəfə birbaşa çatdırılacaq – deputat

Siyasət Materials 18 May 2012 15:29 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Yerevanda keçirilən plenar iclası Azərbaycanın mövqeyini dolayısı yolla, beynəlxalq təşkilatların vasitəsilə deyil, birbaşa qarşı tərəfə üzbəüz çatdırmaq baxımından çox əhəmiyyətlidir.
Yerevanda Azərbaycanın mövqeyi qarşı tərəfə birbaşa çatdırılacaq – deputat

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Yerevanda keçirilən plenar iclası Azərbaycanın mövqeyini dolayısı yolla, beynəlxalq təşkilatların vasitəsilə deyil, birbaşa qarşı tərəfə üzbəüz çatdırmaq baxımından çox əhəmiyyətlidir.

Bunu cümə günü Trend-ə QDİƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva bildirib.

Azərbaycan deputatları Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyeva QDİƏT PA-nın mayın 21-dən 24-dək Yerevanda keçiriləcək 39-cu plenar iclasında iştirak edəcəklər.

"Ermənistana səfər etmək Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün çox əhəmiyyətlidir", - o bildirib.

Əliyeva qeyd edib ki, Ermənistanın bu günə qədər BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsinə məhəl qoymaması məlum bir faktdır və bu günə qədər Azərbaycanın bu məsələni sülh vasitəsilə yoluna qoyması ilə bağlı addımlarına Ermənistan tərəfindən heç bir zaman adekvat cavab verilməyib.

Deputat deyib ki, QDİƏT PA nizamnaməsinə əsasən, görüşlərdə siyasi məsələlərə toxunmaq qadağan olunsa da, Azərbaycan deputatları öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq.

"Əgər bu təşkilatda qoyulan məsələlərdən biri ətraf mühitin çirklənməsi, ətraf mühitin mühafizəsi ilə bağlıdırsa, biz burada Azərbaycanın müharibə nəticəsində işğal olunmuş torpaqlarındakı meşələrin məhv edilməsi, çayların zərərli maddələrlə çirkləndirilməsi kimi məsələləri qaldırıacağıq. Əgər söhbət qadınların zorakılığa məruz qalmasından gedirsə, birinci növbədə, müharibənin qadınlara vurduğu ziyandan danışmaq lazımdır. 20 ildən artıq müharibə şəraitində, çadırlarda yaşayan, girovluqda qalan qadınların vəziyyətini diqqətə çatdıracağıq", - deputat deyib.

Azərbaycan nümayəndə heyəti mayın 20-də Ermənistana səfərə yola düşəcək.

İclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti