...

Haaqada və Stokholmda İranın antiazərbaycan siyasətinə qarşı etiraz aksiyası keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 21 May 2012 11:33 (UTC +04:00)

Stokholmdakı aksiya əlavə edilib (ilk xəbər 11:07-də yayılıb)

Azərbaycan, Bakı, 21 may / Trend müxbir M.Əliyev/

Haaqada və Stokholmda İranın antiazərbaycan siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, bazar ertəsi Benilüks Azərbaycanlıları Konqresindən (BAK) bildirilib ki, Haaqada parlament binasının qarşısında "İran, Azərbaycandan əlini çək!" devizi altında etiraz aksiyası keçirilib. Nümayişçilər İranın apardığı antiazərbaycan təbliğatını birmənalı şəkildə qınayıb, bunu əslində müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarşmaq kimi qiymətləndirdiklərini bəyan ediblər. BAK yaydığı bəyanatda İranın bəzi siyasi dairələrinin Azərbaycanda gedən sürətli inkişafdan və bunun Güney Azərbaycanda milli azadlıq hərəkatının başlanmasına stimul verə biləcəyindən narahat olduqları qeyd olunub.

"Bu baxımdan, İranda Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə əsassız ittihamlar və bəyanatlar səslənməkdədir. Hətta Azərbaycanda guya dövlət tərəfindən dini etiqad azadlığının boğulduğu görüntüsünü yaratmağa səy göstərirlər", - bəyanatda qeyd olunub.

Bəyanatda deyilir ki, İran özu Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT Bəyannaməsinin muddəalarına sayğısızlıq nümayiş etdirərək Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının hüquqlarını pozur, ana dilində təhsil almaq, milli kimliyini yaşatmaq, adət və ənənəsini təbliğ etmək hüquqlarını əllərindən alaraq məqsədəyönlu şəkildə bu xalqı məhv etməyə çalışır.

İsveç Krallığında yaşayan azərbaycanlılar isə Stokholmda İranın bu ölkədəki səfirliyi qarşısında Tehranın son vaxtlar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə etiraz əlaməti olaraq nümayiş keçiriblər. Aksiyada Güney Azərbaycan İstiqlal Partiyası, İsveç Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Konqresi, DAK və digər cəmiyyətlərin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.

İranın işğalçı Ermənistana göstərdiyi dəstək və dostluq münasibətinə, İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının pozulmasına etiraz edən soydaşlarımız "Qarabağı işğal edən Ermənistana yardımı dayandır!", "Təbrizdən Ermənistana yol olmaz!", "Müstəqil Azərbaycandan əl çək!", "İranda qadın daş-qalağına son qoyulsun!" şüarlarını səsləndiriblər. Etiraz aksiyasında çıxış edən GAİP-in İsveç təmsilçisi Səməd Fərtaş, AFİ-nin sədri Səttar Sevigin, DAK həmsədri Cavad Derəxti, DAK İH-nin üzvü Məmməd Azər və başqaları müstəqil Azərbaycanın inkişafını gözü götürməyən İranın Azərbaycana qarşı sürdüyü qeyri səmimi siyasəti pisləyərək, bu hərəkətlərə son qoyulmasının tələb ediblər.

Aksiyanın sonunda AFİ İdarə Heyətinin üzvü Ayda Amir Haşimi Güney Azərbaycan Konqresinin bəyanatını səsləndiriblər. Bəyanat üç dildə səfirliyə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti