...

Milli Məclis İranın antiazərbaycan təbliğatını tənqid edib

Siyasət Materials 22 May 2012 12:38 (UTC +04:00)
Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında İranın antiazərbaycan təbliğatı tənqid edilib.
Milli Məclis İranın antiazərbaycan təbliğatını tənqid edib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin çərşənbə axşamı keçirilən iclasında İranın antiazərbaycan təbliğatı tənqid edilib.

Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Mübariz Qurbanlı Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsinə toxunaraq deyib ki, çox təəssüf ki, erməni lobbisi və İrandakı dairələr bunun əleyhinə gedirlər.

"İranda antiazərbaycan mitinqi təşkil edənləri pisləyirəm. İran kimi adında İslam sözünü daşıyan ölkə Ermənistan kimi müsəlmanların qanını içən ölkə ilə dostluq etməməli idi, amma etdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycandakı vətənpərvər gənclərin də Bakıda İran səfirliyi qarşısında keçirdiyi mitinqdə böyük həqiqət var", - Qurbanlı vurğulayıb.

Onun sözlərinə görə, çox təəssüf ki, işğalçı ölkə ilə həmkar olan İran bu gün bölgənin təhlükəsizliyini tamamilə təhlükə altına alıb.

"Tehranın bu hərəkəti İranla imzaladığımız sənədlərə də ziddir", - o bildirib. Qurbanlı deyib ki, bu gün İran elədikləri azmış kimi, Azərbaycandakı səfirini də geri çağırır.

"Səfirin bu şəkildə geri çağırılması da münasibətlərimiz üçün xoşa gələn deyil", - o əlavə edib.

Deputat Qənirə Paşayeva bildirib ki, İran tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa davam edir. Paşayevanın sözlərinə görə, İranda "Eurovision" mahnı müsabiqəsinin İslam dini əleyhinə olduğunu deyənlər Şuşanın ermənilər tərəfindən işğal olunmasının 20 illiyi ilə bağlı heç bir reaksiya bildirmədilər.

Paşayeva qeyd edib ki, din pərdəsi arxasında bəyanat verənlər Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv edilməsi ilə bağlı heç bir bəyanat vermədi.

"Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur", - o deyib.

Deputat həmçinin İranda iki gənc azərbaycanlı şairin saxlanıldığını deyib və onların həbs olunması barədə açıqlama verilmədiyini qeyd edib. Paşayeva İrana müalicəyə gedən insanların girov götürülərək narkotik qaçaqmalçıları ilə dəyişdirilməsindən hiddətləndiyini bildirib.

Xəbər lenti

Xəbər lenti