Azərbaycan, Bakı, 30 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasında çərşənbə günü Komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar.
MSKnın sədr müavini Natiq Məmmədov jurnalistlərə bildirib ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. Məmmədov deyib ki, Azərbaycanda 4 922 600 səsvermə hüququ olan şəxs var. Onun sözlərinə görə, ötən illə müqayisədə bu rəqəm 50 min nəfər artıb. Seçicilərin 2 500 622 nəfəri kişi, 2 421 978- isə qadındır.
O bildirib ki, seçici siyahısı 10-15 gün ərzində çap olunacaq.
Məmmədov deyib ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil veriblər.
Seçici siyahılarının yenidən tərtib olunmasına Daxili İşlər və Ədliyyə nazirliklərinin müvafiq yerli qurumları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin köməyindən istifadə olunub.
Komissiya üzvləri və KİV nümayəndələri dəqiqləşdirmə aparılaraq dairə seçki komissiyalarına qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olublar.