...

Aİ Avropa Qonşuluq Siyasəti üzrə əldə olunmuş irəliləyişi alqışlayır

Siyasət Materials 25 İyun 2012 17:09 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçirilən görüşündə Aİ-nin Yeni Qonşuluq Siyasəti üzrə əldə olunmuş irəliləyişlər alqışlanıb.
Aİ Avropa Qonşuluq Siyasəti üzrə əldə olunmuş irəliləyişi alqışlayır

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Lüksemburqda keçirilən görüşündə Aİ-nin Yeni Qonşuluq Siyasəti üzrə əldə olunmuş irəliləyişlər alqışlanıb.

Trend Aİ-nin saytına istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr Şurası Avropa Qonşuluq Siyasətinin strateji əhəmiyyətini bir daha vurğulayaraq bu istiqamətdə əldə olunan uğurları alqışlayan rəy qəbul edib.

Rəydə bildirilir ki, Şura "Şərq Tərəfdaşlığı"nın həyata keçirilməsində əldə olunan irəliləyişi və "Şərq Tərəfdaşlığı"nın həyata keçirilməsinə növbəti təkanın verilməsi üçün yol xəritəsini alqışlayır. Şura yol xəritəsinin "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşündə təsdiq olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

2009-cu ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.

"Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin Qonşuluq Siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti