Azərbaycan, Bakı, 2 iyul /Trend/
Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə ilə Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 55 (əlli beş) manat müəyyən edilsin.
Sərəncamla müəyyən edilir ki, təsis edilən təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsində nəzərdə tutulmuş xərclər hesabına ödənilir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.