...

Azərbaycanın birinci xanımı Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 3 İyul 2012 17:24 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyulun 3-də Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın birinci xanımı Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyulun 3-də Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə baxıblar.

Sonra birinci xanım Mehriban Əliyeva qonaqlar ilə görüşdü. Fondun prezidenti Mehriban xanım Əliyeva Azərbaycana ilk dəfə səfər edən Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədrini ölkəmizdə görməkdən məmnun olduğunu dedi.

Azərbaycanın birinci xanımı Alexandra Moreno Pirakiveyə Kolumbiya parlamentinin Dağlıq Qarabağ münaqişəsi, xüsusən də Xocalı soyqırımının tanınması ilə bağlı qəbul etdiyi qərara görə təşəkkür etdi. Mehriban xanım Əliyeva bu işdə Alexandra Moreno Pirakivenin fəaliyyətini xüsusi vurğuladı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban xanım Əliyeva Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının etnik təmizləmə siyasətinə məruz qaldığını qonaqların diqqətinə çatdırdı. Bildirildi ki, Xocalı qətliamı bu münaqişənin ən qanlı səhifələrindəndir. Bu hadisənin dünyaya çatdırılması, təbliğatı belə qətliamların bir daha yaşanmaması baxımından önəmlidir.

Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakive Azərbaycana səfərinin xoş təəssüratlarla yadda qalacağını dedi, ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı.

Xəbər lenti

Xəbər lenti