Azərbaycan, Bakı, 10 iyul /Trend/
Türkmənistan XİN "Kəpəz" yatağı (Türkmənistan "Sərdar" adlandırır) ilə bağlı məsələ üzrə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu təsdiqləyir. Trend-in məlumatına görə, bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"2012-ci il iyunun 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "Sərdar" yatağı ilə bağlı mübahisəyə beynəlxalq arbitraj məhkəməsində baxılmasına dair məsələ ilə bağlı Türkmənistanın rəsmən Azərbaycan Respublikasına müraciət etməməsi barədə bəyanatı ilə əlaqədar Türkmənistan XİN bəyan edir ki, Azərbaycan tərəfinə dəfələrlə Xəzər dənizində Azərbaycanın birtərəfli qanunsuz hərəkətləri ("Ömər" və "Osman" yataqlarının qanunsuz işlənməsi nəzərdə tutulur) ["Azəri" və "Çıraq" - Trend], həmçinin "Sərdar" yatağı ilə bağlı qanunsuz tələblərlə əlaqədar rəsmi diplomatik notalar göndərilib. Türkmənistan tərəfi rəsmi xəbərdarlıqlarında yuxarıda göstərilən məsələ ilə əlaqədar danışıqlar prosesini davam etdirməyə hazır olduğunu bəyan edir və qeyd edir ki, ikitərəfli razılığın əldə olunması qeyri-mümkün olarsa, Türkmənistan beynəlxalq məhkəmə və arbitraj instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır", - Türkmənistan XİN bəyan edir.
Türkmənistan XİN bildirir ki, 4 avqust 2009-cu ildə nazirlik Türkmənistan və Azərbaycan arasında Xəzərin dibinin və yeraltı sərvətlərinin delimitasiyası məsələləri üzrə ölkənin rəsmi mövqeyini dərc edib. Orada, həmçinin Beynəlxalq məhkəməyə müraciətin məqsədəuyğunluğu barədə qeyd edilib.
"Türkmənistan tərəfi Azərbaycan Respublikasının xarici işlər nazirinin fikirlərini anlamadığını və bununla bağlı öz təəccübünü ifadə edir", - Türkmənistan XİN bildirir.
Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Türkmənistan Azərbaycana "Kəpəz" yatağı ilə bağlı hansısa təklif və rəsmi nota göndərməyib.