...

Azərbaycanın Cinayət Məcəlləsinə kibercinayətlərə dair dəyişikliklər qüvvəyə minib

Siyasət Materials 17 İyul 2012 00:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Azərbaycanın Cinayət Məcəlləsinə kibercinayətlərə dair dəyişikliklər qüvvəyə minib

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Qanuna əsasən kompüter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirmə, həmin məlumatları saxtalaşdırmaya, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompüter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilib.

Belə ki, yuxarıda göstərilən qanun pozuntularına yol vermiş şəxs iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacaq.

Bu cinayət vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilərsə, 3 ilədək müddətdə vəzifə tutma hüququndan məhrum edilməklə 2000 manatdan 3000 manatadək cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Əgər əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə törədilərsə, 3 ilədək vəzifə tutma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Prezidentə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti