...

Əli Həsənov: Azərbaycan jurnalistləri cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar (FOTO)

Siyasət Materials 22 İyul 2012 21:15 (UTC +04:00)
Azərbaycan jurnalistləri cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar.
Əli Həsənov: Azərbaycan jurnalistləri cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan jurnalistləri cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar. Trend-in məlumatına görə, bunu bazar günü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan cəmiyyətinin əsas fikir dünyasının qabaqcıl nümayəndələri olan baş redaktorları, jurnalistləri, mətbuat sahəsində çalışan alimləri, pedaqoqları, media ziyalılarını neçə illərdi ki, 22 iyul tarixində bir yerə toplayıb onlarla bayramı bölüşürük. Bu bayramın ənənəsi artıq neçə illərdir davam edir və bu ənənənin əsasını ümumilli lider Heydər Əliyev qoyub. 1995-ci ildə milli mətbuatın 125 illiyinin bayram edilməsi ilə bağlı ilk dəfə dövlət səviyyəsində Prezident Heydər Əliyevin sərəncamı imzalandı və 1995-ci ildən başlayaraq faktiki olaraq 22 iyul Azərbaycanda dövlət səviyyəsində Mətbuat Günü kimi tanınmağa başlandı", - Həsənov çıxışında bildirib.

PA rəsmisi deyib ki, bugünkü tədbirdə Azərbaycan cəmiyyətində rəy formalaşdıran, insanların fikir və mülahizələrini ümumiləşdirib mətbuat səhifəsinə çıxaran, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında bağlılıq yaradan, Azərbaycan hakimiyyətinin siyasətini cəmiyyətə çatdıran və o siyasətə cəmiyyətin münasibətini ümumiləşdirib səhifələrinə, efirlərinə, radio dalğalarına çıxaran insanlar toplaşıb.

"Bu insanlar bütün dövrlərdə cəmiyyətin qabaqcıl insanları olub, cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayıblar. 137 il bundan qabaq Həsən bəy Zərdabi qabaqcıl maarif xadimi, ziyalı, öndər qolunu çırmalayıb Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda, bilsəydi ki, onun bu qədər davamçısı olacaq, o gördüyü bütün fəaliyyət üçün qürur hissi keçirərdi. Zərdabi milli mətbuatı yaradan anlarda çox əziyyət çəkmişdi, o dövrdə 5-10 ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların təfəkküründən istifadə etmək hər ziyalının işi deyildi. Bu səbəbdən Milli Mətbuat Gününün məhz Həsən bəy Zərdabinin adı ilə, onun yaratdığı "Əkinçi" qəzeti ilə bağlanması tam qanuna uyğundur və Həsən bəyin haqqıdır", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti